İnfantino İran millisinin paltardəyişmə otağına getdi

FİFA prezidenti Canni İnfantino İran – Yeni Zelandiya matçından sonra İran millisinin paltardəyişmə otağına baş çəkib. İranlı futbolçular Los-Ancelesdə bərpa əvəzinə Meksikadakı bazaya göndərilmələrindən narazıdırlar.

15

FİFA prezidenti Canni İnfantino İran millisinin paltardəyişmə otağına baş çəkib.

MSNews.az xəbər verir ki, hadisə FIFA Dünya Kubokunun “G” qrupunda İranın Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçəsindən sonra baş verib.

The Guardian”ın məlumatına görə, İran millisinin futbolçuları və baş məşqçisi Əmir Qalenoei matçdan sonra komandanın dərhal Los-Ancelesi tərk etməyə məcbur edilməsindən narazılıq bildiriblər.

İran tərəfi iddia edir ki, komanda oyundan sonra Los-Ancelesdə bərpa prosesi keçirməli olduğu halda, Meksikanın Tixuana şəhərində yerləşən bazaya qaytarılıb. Qalenoei bu vəziyyəti “çox qəribə” adlandırıb və İran millisinin turnirdə “ən çox əziyyət çəkən komanda” olduğunu deyib.

Nəşr yazır ki, İnfantino matçdan sonra İran millisinin paltardəyişmə otağına daxil olub və futbolçulara müraciət edib. O, komandanın çətinliklərinə anlayışla yanaşdığını, lakin İran millisinin güclü mesaj verdiyini bildirib.

GOAL”un məlumatına görə, İran kapitanı Mehdi Taremi İnfantinonun kömək etməyə çalışdığını deyib, lakin problemin yalnız FİFA ilə bağlı olmadığını eyhamla vurğulayıb.

Taremi bildirib ki, hər kəs vəziyyəti anlayır və “harada olduqlarını” bilir. Onun sözlərinə görə, komandanın belə şəraitdə növbəti oyunlara hazırlaşması çətinləşir.

Çempionat” nəşri də Tareminin sözlərinə istinadən yazır ki, iranlı futbolçular matçdan dərhal sonra Meksikaya uçmalı, səhər bərpa məşqi keçirməli və daha sonra yenidən Los-Ancelesə qayıtmalıdırlar.

İran millisinin hazırlıq prosesi daha əvvəl də problemlərlə üzləşmişdi. “The Guardian” yazır ki, komanda əvvəlcə ABŞ-ın Arizona ştatında bazalaşmağı planlaşdırsa da, viza və immiqrasiya məsələlərinə görə Tixuanaya köçməli olub.

İran növbəti oyununu Belçikaya qarşı keçirəcək. Komanda rəsmiləri isə mövcud logistikanın futbolçuların fiziki hazırlığına mənfi təsir göstərə biləcəyini bildirirlər.