ABŞ ilə İran arasında saziş onlayn şəkildə imzalana bilər

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-la mümkün razılaşmanın yekunlaşmağa yaxın olduğunu bildirib. ABŞ rəsmiləri sənədin yaxın günlərdə imzalana biləcəyini deyirlər.

16

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-la mümkün razılaşmanın imzalanmasına çox yaxın olunduğunu açıqlayıb.

MSNews.az xəbər verir ki, “Axios”un məlumatına görə, Araqçi sosial şəbəkə hesabında “İslamabad Anlaşma Memorandumu heç vaxt bu qədər yaxın olmayıb” ifadəsini işlədib. O, sənəd tam yekunlaşana qədər mediaya məzmunla bağlı spekulyasiyalardan çəkinməyi tövsiyə edib.

Araqçi bildirib ki, İran məsuliyyətli və şəffaf yanaşma çərçivəsində bütün detalları vaxtı çatanda ictimaiyyətə açıqlayacaq. Onun bu açıqlaması Tehrandan mümkün razılaşma ilə bağlı ən nikbin siqnallardan biri kimi qiymətləndirilir.

ABC News” yazır ki, ABŞ və İran arasında razılaşmanın mətni əsasən razılaşdırılıb. Pakistanın baş naziri Şahbaz Şərif də tərəflər arasında “yekun razılaşdırılmış mətnə” nail olunduğunu və vasitəçilərin növbəti addımlar üzərində işlədiyini bildirib.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi isə sənədin hələ tam yekunlaşmadığını, lakin prosesin 80–85% səviyyəsində tamamlandığını deyib. Onun sözlərinə görə, Vaşinqton və Tehran razılaşmanı yaxın günlərdə imzalamağa ümid edir.

Müzakirə olunan sənədin Hörmüz boğazının açılması, atəşkəsin uzadılması, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı texniki danışıqların başlanması və sanksiyaların mərhələli yumşaldılması kimi bəndləri əhatə etdiyi bildirilir. Bununla belə, nüvə proqramı üzrə ən həssas detalların sonrakı texniki danışıqlarda dəqiqləşdiriləcəyi qeyd olunur.

“Axios” yazır ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü daxili məsləhətləşmələrin davam etdiyini, lakin məsələlərin böyük hissəsinin razılaşdırıldığını bildirib. ABŞ tərəfi də İran daxilində razılaşmaya yüksək səviyyədə dəstək olduğunu iddia edir, lakin yekun təsdiqin hələ tam rəsmiləşmədiyi vurğulanır.

Donald Tramp isə Araqçinin açıqlamasını “çox müsbət” qiymətləndirib və sazişin həftəsonu və ya bazar ertəsi imzalana biləcəyini istisna etməyib. Bununla belə, tərəflər arasında sənədin bəzi bəndlərinin şərhi ilə bağlı fikir ayrılıqlarının qaldığı bildirilir.

İlkin imzalanmanın distant və ya rəqəmsal formatda keçirilə biləcəyi barədə də məlumatlar yayılıb. Lakin bu detal hələlik əsas beynəlxalq mənbələr tərəfindən ayrıca təsdiqlənmədiyi üçün rəsmi elan gözlənilir.