Peruda polis əməkdaşları DÇ-2026 maskotları kimi geyinərək narkotik ticarətində şübhəli bilinən şəxsi saxlayıblar.
MSNews.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, əməliyyat Dünya Kubokunun açılış günü Perunun paytaxtı Limada keçirilib. Polis əməkdaşları şübhə doğurmamaq üçün 2026-cı il mundialının maskotları obrazında hərəkət ediblər.
Əməliyyat zamanı polis hədəfdə olan şəxsin futbol azarkeşi olduğunu və Dünya Kuboku ab-havası ilə yaşadığını nəzərə alıb. Bu səbəbdən iki əməkdaş maskot kostyumunda onun yaşadığı ünvana yaxınlaşıb.
“Univision”un məlumatına görə, polislər “Clutch” və “Maple” obrazında evin qapısını metal çəkiclə sındıraraq içəri daxil olublar. Əməliyyatda 48 yaşlı şəxs narkotik maddələrin satışında şübhəli bilinərək saxlanılıb.
Polisin açıqlamasına əsasən, axtarış zamanı 2524 büküm kokain pastası və bir tapança aşkar edilib. Şübhəli şəxs saxlanıldıqdan sonra polis avtomobilinə aparılıb, əməliyyatda iştirak edən əməkdaşlar isə maskot obrazını tərk etməyiblər.
DÇ-2026-nın rəsmi maskotları “Maple”, “Zayu” və “Clutch” adlanır. FIFA daha əvvəl “Maple”-ın Kanadanı, “Zayu”-nun Meksikanı, “Clutch”-ın isə ABŞ-ı təmsil etdiyini açıqlamışdı.
Peru polisi bu cür qeyri-adi əməliyyatlarla daha əvvəl də gündəmə gəlib. Yerli hüquq-mühafizə orqanları müxtəlif reydlər zamanı “Qrinc”, “Deadpool”, “Wolverine” və digər obrazlardan istifadə edərək şübhəlilərə yaxınlaşmağa çalışıb.