İsrail ABŞ-İran memorandumu ilə bağlı açıqlama verdi

Netanyahu ofisi Donald Trampın ABŞ və İran arasında hazırlanmaqda olan memorandumla bağlı İsrail baş naziri ilə danışdığını təsdiqləyib. İsrail sənədin tərəfi olmadığını bildirir, lakin gələcək saziş üçün dörd əsas tələb irəli sürür.

26

İsrail ABŞ və İran arasında mümkün danışıqlara əsas yarada biləcək memorandumun hazırlandığını təsdiqləyib.

MSNews.az xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Donald Trampın onunla ABŞ və İran arasında hazırlanmaqda olan memorandum barədə telefon danışığı apardığını açıqlayıb. Sənəd Vaşinqton və Tehran arasında daha geniş danışıqların başlanması üçün ilkin çərçivə kimi nəzərdən keçirilir.

Netanyahu ofisi bildirib ki, İsrail memorandumun tərəfi deyil və ABŞ-İran danışıqlarında iştirak etmir. Bununla belə, İsrail tərəfi Trampın gələcək yekun sazişdə Tel-Əviv üçün vacib hesab olunan təhlükəsizlik tələblərinin nəzərə alınacağına dair öhdəlik verdiyini vurğulayıb.

Anadolu Agentliyi” yazır ki, İsrailin əsas tələbləri İranda zənginləşdirilmiş nüvə materialının ölkədən çıxarılması, uranın zənginləşdirilməsi infrastrukturunun sökülməsi, raket istehsalına məhdudiyyətlərin qoyulması və Tehranın regiondakı silahlı müttəfiq qruplara dəstəyinin dayandırılmasını əhatə edir.

Axios” jurnalisti Barak Ravid mənbələrə istinadən yazır ki, İran rəsmiləri bir neçə ölkəyə Tehrandakı danışıqların prinsipial razılaşma ilə nəticələndiyini bildiriblər. Lakin mənbələrin sözlərinə görə, sənəd hələ İran rəhbərliyi tərəfindən yekun təsdiq almayıb.

Axios”in məlumatına əsasən, mümkün memorandum Hörmüz boğazının yenidən açılması, ABŞ blokadasının ləğvi, 60 günlük atəşkəs müddətində nüvə danışıqlarının davam etdirilməsi və sanksiya güzəştləri kimi bəndləri əhatə edə bilər. Bununla belə, nüvə proqramı ilə bağlı konkret addımların ayrıca və daha detallı ikinci sazişdən asılı olacağı bildirilir.

Tehran isə razılaşmanın artıq təsdiqləndiyi barədə iddialara ehtiyatlı yanaşır. “The Guardian” İran Xarici İşlər Nazirliyinə istinadən yazır ki, yekun qərar hələ qəbul edilməyib və Tehran danışıqlarda öz “qırmızı xətlərindən” geri çəkilməyəcək.