Bernardu Silva “Real Madrid”ə keçir

Fabrizio Romanonun məlumatına görə, Bernardu Silva “Real Madrid”lə razılığa gəlib. Portuqaliyalı futbolçunun iki illik müqavilə imzalayacağı bildirilir.

22

Portuqaliyalı yarımmüdafiəçi Bernardu Silvanın “Real Madrid”ə keçidi ilə bağlı razılıq əldə olunduğu bildirilir.

MSNews.az xəbər verir ki, bu barədə transfer insayderi Fabrizio Romano paylaşım edib. Onun məlumatına görə, tərəflər müqavilə şərtlərini razılaşdırıb və sənədlər təsdiqlənib.

İspaniyanın “AS” nəşri yazır ki, “Real Madrid” rəhbərliyi portuqaliyalı futbolçunun şərtlərini qəbul edib. Mənbəyə görə, Silva artıq Portuqaliya millisinin düşərgəsində tibbi baxışdan keçib və hər şey plan üzrə getsə, klubla iki illik müqavilə imzalayacaq.

Məlumata əsasən, transferdə baş məşqçi Joze Mourinyonun istəyi mühüm rol oynayıb. “AS” qeyd edir ki, Mourinyo komandanın orta xəttinə təcrübəli və lider keyfiyyətlərinə malik futbolçu cəlb edilməsini istəyib və Bernardu Silva bu baxımdan prioritet namizədlərdən biri olub.

İspaniya mediası həmçinin bildirir ki, Bernardu Silva “Real Madrid”in marağından xəbər tutduqdan sonra “Barselona” və “Atletiko Madrid”lə aparılan digər danışıqları dayandırıb. “Barca Blaugranes” də Romanoya istinadən Madrid klubunun rəsmi təklif göndərdiyini və transferdə “Barselona” ilə “Atletiko”nu qabaqlamağa çalışdığını yazıb.

Hələlik “Real Madrid” transferi klub səviyyəsində rəsmi şəkildə açıqlamayıb. Buna baxmayaraq, Romano və İspaniya mətbuatının məlumatına görə, razılaşma yekun mərhələyə çatıb.