Rusiyada keçirilən sorğu avtomobilin münasibət seçimində hələ də mühüm amil kimi qəbul edildiyini göstərib.
MSNews.az xəbər verir ki, “TASS”ın məlumatına görə, “Mamba” tanışlıq xidməti və “SberAvto”nun birgə araşdırmasında 2,5 mindən çox respondent iştirak edib. Sorğunun nəticələrinə əsasən, qadınların yalnız 21%-i avtomobili olmayan kişi ilə görüşməyə hazır olduğunu bildirib.
Respondent qadınların 46%-i partnyorunun zamanla avtomobil alacağına ümid etdiyini deyib. Daha 33% isə şəxsi nəqliyyat vasitəsi olmayan kişini münasibət üçün namizəd kimi ümumiyyətlə nəzərdən keçirmədiyini qeyd edib.
“Auto Mail.ru” yazır ki, kişilər bu məsələyə daha az tələbkar yanaşırlar. Sorğuya qatılan kişilərin təxminən 80%-i qadının avtomobilinin olub-olmamasının tanışlıq və münasibət qərarına ciddi təsir etmədiyini bildirib.

Araşdırmada qeyd olunur ki, qadınların böyük hissəsi avtomobili ilk növbədə azadlıq və hərəkət rahatlığı ilə əlaqələndirir. Respondentlərin 64%-i üçün avtomobil azadlıq rəmzi, 55%-i üçün isə partnyorun lazım gəldikdə kömək etməyə və aparıb-gətirməyə hazır olması göstəricisidir.
Bundan başqa, qadınların 22%-i avtomobili özünəinam, 18%-i etibarlılıq, 20%-i maddi imkan, 17%-i isə status və ambisiya göstəricisi kimi qəbul edir. Bununla belə, mütəxəssislər bu nəticələrin bütün cəmiyyət üçün universal göstərici kimi deyil, konkret sorğu iştirakçılarının mövqeyi kimi qiymətləndirilməli olduğunu bildirirlər.