ABŞ İrana yeni zərbələr endirdi

ABŞ Mərkəzi Komandanlığı İrandakı hərbi obyektlərə əlavə zərbələrin tamamlandığını açıqlayıb. Tehran isə cavab tədbirləri görəcəyini bildirərək Hörmüz boğazının bağlandığını elan edib.

17

ABŞ və İran arasında hərbi gərginlik yenidən kəskinləşib.

MSNews.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı — CENTCOM İranda bir neçə hədəfə qarşı əlavə “özünümüdafiə zərbələri”nin tamamlandığını açıqlayıb. Komandanlığın məlumatına görə, zərbələr İranın hərbi müşahidə imkanları, rabitə sistemləri və hava hücumundan müdafiə obyektlərinə qarşı yönəlib.

“Reuters” yazır ki, ABŞ qüvvələri zərbələrə iyunun 10-da Vaşinqton vaxtı ilə saat 17:15-də başlayıb. CENTCOM bu addımı “İranın davam edən əsassız təcavüzünə cavab” kimi izah edib. Agentliyin məlumatına görə, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranla razılaşma əldə olunmayacağı halda Tehrana “çox sərt” zərbələr endiriləcəyini bildirmişdi.

İran tərəfi isə mümkün hücumların cavabsız qalmayacağını bəyan edib. “Tasnim” agentliyi hərbi mənbəyə istinadən yazıb ki, İran Silahlı Qüvvələri ABŞ-ın regiondakı maraqlarına qarşı “sərt cavab” verməyə hazırdır. Agentlik həmçinin İran qüvvələrinin İordaniya, Küveyt və Bəhreyndə ABŞ hərbi obyektlərini hədəfə aldığı barədə məlumat yayıb. Bu iddialar hələlik müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Gərginlik fonunda Tehran Hörmüz boğazının bağlandığını da elan edib. “Reuters” İranın ali hərbi komandanlığına istinadən yazır ki, qərar neft tankerləri və kommersiya gəmiləri də daxil olmaqla bütün keçidlərə şamil edilir. İran tərəfi boğazdan keçməyə cəhd edəcək gəmilərə atəş açılacağı barədə xəbərdarlıq edib.

Bununla belə, ABŞ tərəfi İranın boğaz üzərində tam nəzarət iddialarını qəbul etmir. “Reuters”in enerji bazarı ilə bağlı məlumatında qeyd olunur ki, ABŞ hərbçiləri ticarət gəmilərinin Hörmüz boğazından keçidinin davam etdiyini və ABŞ hərbi gəmilərinin vurulmadığını bildiriblər.

Hadisələr neft bazarına da təsir edib. “Reuters”in məlumatına görə, İranın Hörmüz boğazı ilə bağlı bəyanatından və ABŞ-ın əlavə zərbələrindən sonra Brent markalı neftin qiyməti 94 dollardan yuxarı qalxıb.

Hazırda bölgədə vəziyyət sürətlə dəyişir. ABŞ zərbələrin başa çatdığını bildirsə də, İranın mümkün cavab addımları və Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik Yaxın Şərqdə yeni eskalasiya riskini artırır.