ABŞ və İran arasında zərbə mübadiləsi: regionda gərginlik artır

ABŞ Mərkəzi Komandanlığı “Apache” helikopteri insidentindən sonra İrana qarşı zərbələr endirdiyini açıqlayıb. İran isə Bəhreyn, Küveyt və İordaniyadakı ABŞ obyektlərini hədəfə aldığını bildirib.

26

ABŞ və İran arasında “Apache” helikopteri ilə bağlı insidentdən – əvvəlcə qəzaya uğradığı deyilsə də, sonradan vurulduğu aydın olub – sonra Yaxın Şərqdə hərbi gərginlik yenidən kəskinləşib.

MSNews.az-ın “CENTCOM”un rəsmi açıqlamasına istinadən məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı iyunun 9-da İrana qarşı “özünümüdafiə zərbələri”nin tamamlandığını bildirib. Komandanlıq əməliyyatın ABŞ Ordusuna məxsus “Apache” helikopterinin vurulmasına cavab olaraq, Baş Komandanın göstərişi ilə həyata keçirildiyini açıqlayıb.

CENTCOM-un məlumatında qeyd olunur ki, ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığında İranın hava hücumundan müdafiə obyektlərini, yerüstü idarəetmə stansiyalarını və müşahidə radarlarını dəqiq sursatlarla hədəfə alıb. Zərbələr ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus qırıcı təyyarələrlə endirilib. Komandanlıq əməliyyatı ABŞ qüvvələrinə və region sularından keçən kommersiya gəmilərinə qarşı hücumlara “mütənasib cavab” kimi qiymətləndirib.

“Reuters” yazır ki, ABŞ Prezidenti Donald Tramp “ABC News”a açıqlamasında Vaşinqtonun cavabının “çox güclü və təsirli” olmalı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ bu addımı helikopterlə bağlı insidentə cavab olaraq atıb.

Bununla belə, insidentin dəqiq xarakteri ilə bağlı məlumatlar tam aydın deyil. “Associated Press” ABŞ rəsmisinə istinadən yazır ki, AH-64 “Apache” helikopteri Hörmüz boğazı yaxınlığında İran PUA-sı ilə toqquşmadan sonra qəzaya uğrayıb. Rəsmi toqquşmanın qəsdən olub-olmadığının müəyyən edilmədiyini, araşdırmanın davam etdiyini bildirib. Helikopterin iki ekipaj üzvü xilas edilib və onların vəziyyətinin stabil olduğu açıqlanıb.

ABŞ zərbələrindən sonra İran mediası Hörmüzqan əyalətinin bir neçə bölgəsində partlayışlar barədə məlumat yayıb. “Reuters” İran dövlət mediasına istinadən Qeşm adası və Sirik limanının hədəfə alındığını, Bəndər-Abbas və Cask yaxınlığında da partlayış səslərinin eşidildiyini yazıb. “Axios” isə SEPAH-a istinadən ABŞ zərbələrinin Cask, Sirik və Qeşm istiqamətlərində bir neçə obyektə tuş gəldiyini, Sirikdə telekommunikasiya qülləsinin zədələndiyini və Bəmani rayonunda iki su anbarının sıradan çıxdığını bildirib. Bu məlumatlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ zərbələrinə cavab olaraq bildirib ki, İran “heç bir hücum və təhdidi cavabsız qoymayacaq”. O, xarici qüvvələrin regionu tərk etməsinin təhlükəsizlik üçün ən yaxşı yol olduğunu vurğulayıb.

İran tərəfi daha sonra ABŞ bazalarına cavab zərbələri endirdiyini açıqlayıb. “Reuters”in məlumatına görə, SEPAH İordaniyadakı ABŞ-ın “Əl-Əzraq” bazasını, həmçinin Bəhreyn və Küveytdəki Amerika obyektlərini hədəfə aldığını bildirib. İran tərəfi İordaniyadakı bazada “F-35” qırıcıları üçün anqarların və komanda-nəzarət mərkəzinin vurulduğunu iddia edib.

Lakin bu iddialar ABŞ və müttəfiq ölkələr tərəfindən təsdiqlənmir. “Reuters” ABŞ rəsmisinə istinadən yazır ki, ilkin qiymətləndirməyə görə, İran tərəfindən buraxılan raket və PUA-ların demək olar ki, hamısı vurulub, ABŞ şəxsi heyəti arasında itki və ya ABŞ obyektlərinə ciddi ziyan barədə dərhal məlumat daxil olmayıb. İordaniya Silahlı Qüvvələri isə “Əl-Əzraq” istiqamətində buraxılan beş raketin vurulduğunu, dağıntıların əraziyə düşdüyünü, lakin xəsarət və maddi ziyan olmadığını açıqlayıb.

“The Guardian” yazır ki, yeni zərbə mübadiləsi aprel ayında əldə edilən kövrək atəşkəsə və ABŞ-İran danışıqlarına əlavə risk yaradıb. Nəşrin məlumatına görə, Vaşinqton zərbələri mütənasib cavab kimi təqdim etsə də, Tehran ABŞ-ın regiondakı hərbi mövcudluğunu əsas təhlükə kimi göstərir.

Bəhreyn və Küveytdə hava xəbərdarlıqlarının işə salındığı, müdafiə sistemlərinin hücumlara reaksiya verdiyi bildirilir. Bəhreyn Daxili İşlər Nazirliyi əhalini təhlükəsiz yerlərə çəkilməyə çağırıb, Küveyt ordusu isə hava hücumundan müdafiə sistemlərinin düşmən hədəflərinə qarşı fəaliyyət göstərdiyini açıqlayıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.