Ukrayna komandanlığı 2026-cı ilin əvvəlindən bəri cəbhədə yüzlərlə kvadratkilometr ərazinin yenidən nəzarətə qaytarıldığını açıqlayıb.
MSNews.az-ın “Reuters”ə istinadən məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Oleksandr Sırski bildirib ki, ölkə qüvvələri ilin əvvəlindən bəri 600 kvadratkilometrdən çox ərazini Rusiya qoşunlarından geri alıb.
Sırskinin sözlərinə görə, təkcə may ayında Ukrayna qüvvələri itirdikləri ərazilərlə müqayisədə təxminən 100 kvadratkilometr daha çox ərazini nəzarətə götürüb. O, bu nəticələrin konkret hansı istiqamətlərdə əldə olunduğunu açıqlamayıb.
Ukraynanın dövlət agentliyi “Ukrinform” isə Sırskinin açıqlamasına istinadən yazır ki, cəbhədə vəziyyət mürəkkəb və dinamik olaraq qalır. Onun sözlərinə görə, Rusiya qüvvələri Ukraynanın şərqində və cənubunda irəliləmək cəhdlərini davam etdirir, döyüş toqquşmalarının sayı isə ciddi şəkildə artıb.
Ali Baş Komandan ən intensiv döyüşlərin Pokrovsk, Oleksandrivka və Huliaipole istiqamətlərində davam etdiyini bildirib. Sırski qeyd edib ki, buna baxmayaraq, Ukrayna Müdafiə Qüvvələri cəbhənin bəzi hissələrində təşəbbüsü qorumağa davam edir.
“Anadolu Agentliyi”nin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski də mayın sonunda 2026-cı ilin əvvəlindən bəri təxminən 590 kvadratkilometr ərazinin geri qaytarıldığını bildirmişdi. Zelenski bu tendensiyanın Rusiyanın xeyrinə olmadığını vurğulamışdı.
Rusiya tərəfi Ukrayna komandanlığının bu açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib.