Paşinyanın Qərb kursu Cənubi Qafqaz üçün yeni risk yaradır – Pərviz Əliyevin təhlili

Siyasi araşdırmaçı Pərviz Əliyev hesab edir ki, Nikol Paşinyanın sülh ritorikasını Avropa İttifaqını regiona cəlb etmək cəhdi ilə birləşdirməsi Cənubi Qafqazda yeni geosiyasi gərginlik riski yaradır.

118

MSNews.az xəbər verir ki, siyasi araşdırmaçı Pərviz Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın regional siyasətini şərh edərkən onun sülh ritorikası ilə Qərbi Cənubi Qafqaza cəlb etmək xətti arasında ziddiyyət olduğunu bildirib.

Pərviz Əliyevin sözlərinə görə, Paşinyan “sadə bir manipulyasiya” etməyə çalışır: bir tərəfdən Cənubi Qafqazda sülhü müdafiə edir, Qarabağla bağlı iddialardan imtina etdiyini göstərir və bununla həm Ermənistanda müharibədən yorulmuş cəmiyyətin, həm də Azərbaycan, Türkiyə və Qərb dairələrinin rəğbətini qazanmağa çalışır.

Araşdırmaçı qeyd edib ki, Qarabağ uğrunda müharibə Ermənistan dövlətçiliyinə uzun illər ağır siyasi yük kimi təsir edib. Onun fikrincə, Paşinyanın sülh gündəmini önə çıxarması bu baxımdan Ermənistan daxilində müəyyən dəstək yarada bilər. Lakin əsas problem həmin ritorikanın Avropa İttifaqını və Qərb institutlarını regiona daha dərindən cəlb etmək siyasəti ilə paralel aparılmasıdır.

“Paşinyan öz ölkəsinin nisbi zəifliyini kompensasiya etmək üçün Avropa Birliyinə güvənmək, onun siyasi və hərbi çəkisini öz tərəfinə çəkmək istəyir. Bu isə təhlükəlidir. Paşinyan gec-tez gedəcək, lakin Avropanın hərbi və siyasi maraqları regionda qala bilər”, — deyə Pərviz Əliyev bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazın sülh və nəqliyyat dəhlizləri zonasına çevrilməsi region ölkələrinin maraqlarına uyğundur. Lakin bölgəyə kənar güc mərkəzlərinin hərbi-siyasi rəqabətinin daşınması Cənubi Qafqazı yeni qarşıdurma meydanına çevirə bilər.

Pərviz Əliyev hesab edir ki, regiondakı məsələlərin əsasən regional aktorların iştirakı ilə müzakirə olunması daha sabit nəticə verə bilər. Bu kontekstdə 3+3 formatı — Azərbaycan, Ermənistan və Gürcüstan, eləcə də İran, Rusiya və Türkiyənin iştirakı üçün nəzərdə tutulan regional platforma — Cənubi Qafqazda kənar təsirlərin azaldılması baxımından mühüm mexanizm kimi təqdim olunur. Bununla belə, Gürcüstanın bu formatda iştirakla bağlı ehtiyatlı mövqeyi platformanın tam işlək mexanizmə çevrilməsini hələ də məhdudlaşdırır.

Araşdırmaçının fikrincə, Paşinyanın siyasətində əsas risk sülh gündəminin geosiyasi balans alətinə çevrilməsidir. Əgər Ermənistan sülh prosesini Qərb-Rusiya rəqabətində əlavə üstünlük qazanmaq vasitəsi kimi istifadə edərsə, bu, regionda uzunmüddətli sabitlik əvəzinə yeni gərginlik xətti yarada bilər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.