Türkiyə, Azərbaycan və Gürcüstan İstanbul Bəyannaməsini imzaladı

İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu üçtərəfli görüşü keçirilib. Nazirlər İstanbul Bəyannaməsini imzalayaraq suverenlik, enerji, nəqliyyat və regional əməkdaşlıq üzrə öhdəliklərini təsdiqləyiblər.

16

Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri İstanbul Bəyannaməsini imzalayıblar.

MSNews.az bu barədə “Report” Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən məlumat verir. Sənəd İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununda qəbul olunub.

Bəyannaməni Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili imzalayıblar.

Sənəd mətninə əsasən, tərəflər bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına güclü və birmənalı dəstəklərini təsdiqləyiblər. Nazirlər regional və qlobal çağırışların aradan qaldırılmasında üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Bəyannamədə Cənubi Qafqazın əməkdaşlıq potensialının tam reallaşması üçün regional sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub. Tərəflər bu istiqamətdə Azərbaycan, Türkiyə və Gürcüstanın müsbət rolunu xüsusi vurğulayıblar.

Sənəddə nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biri kimi göstərilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizinin regional və Avropa enerji təhlükəsizliyinə strateji töhfəsi tanınıb.

Nazirlər həmçinin Orta Dəhlizin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini qeyd ediblər. Bəyannamədə Transxəzər Şərq-Qərb Orta Dəhlizinin Türkiyə, Azərbaycan və Gürcüstan ərazilərindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat marşrutu kimi beynəlxalq tranzit sisteminə inteqrasiyada mühüm rol oynadığı bildirilib. BTQ dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin başa çatması münasibətilə iyunun 2-də Gürcüstanın Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında keçirilən tədbir də alqışlanıb.

Tərəflər yaşıl enerji, aşağı karbon texnologiyaları, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə və yaşıl enerji ötürülməsi üzrə bağlantıların inkişaf etdirilməsinə dəstək ifadə ediblər. Sənəddə ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə sahəsində regional əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.

Bəyannamədə Azərbaycanın Dünya Şəhər Forumunun 13-cü sessiyasına — WUF13-ə ev sahibliyi etməsi və bu tədbirin beynəlxalq əməkdaşlıq, dialoq və dayanıqlı inkişafa töhfəsi yüksək qiymətləndirilib. Nazirlər, həmçinin Türkiyənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP31 sessiyasına sədrliyini alqışlayıblar.

Sənəddə terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, silah və narkotik qaçaqmalçılığı, insan alveri, miqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması, mədəni və tarixi irsə qarşı cinayətlər, eləcə də kibercinayətkarlıqla mübarizədə əməkdaşlığın gücləndirilməsi öhdəliyi də yer alıb.

Nazirlər üç ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ceyhun Bayramov bildirib ki, beynəlxalq və regional gərginliklərin artdığı bir dövrdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında ortaq layihələrin fəaliyyətində “bir günlük belə fasilə” olmayıb.

Bəyannamənin yekun hissəsində üçtərəfli görüşlərin müntəzəm keçirilməsinin əhəmiyyəti vurğulanıb. Nazirlər növbəti — 11-ci üçtərəfli görüşün 2027-ci ildə Gürcüstanda, qarşılıqlı razılaşdırılacaq tarixlərdə keçirilməsi barədə razılığa gəliblər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.