Almaniya millisində ağır itki: Lennart Karl DÇ-2026-nı buraxacaq

“Bayern”in 18 yaşlı futbolçusu Lennart Karl Almaniya millisinin məşqində zədələnərək DÇ-2026-dan kənarda qalıb. Onun yerinə Assan Ouedraoqo yığmaya çağırılıb.

7

Almaniya millisi 2026-cı il dünya çempionatı öncəsi ciddi itki ilə üzləşib.

MSNews.az xəbər verir ki, “BILD”in ilk yaydığı məlumat daha sonra “DFB” tərəfindən təsdiqlənib. “Bayern”in 18 yaşlı futbolçusu Lennart Karl Almaniya millisinin Çikaqodakı son məşqində zədələnib və DÇ-2026-da iştirak edə bilməyəcək.

Almaniya Futbol İttifaqının məlumatına görə, Karl ABŞ millisi ilə yoldaşlıq oyunundan əvvəl keçirilən son məşqdə sol bud əzələsindən zədə alıb. Bu səbəbdən futbolçu dünya çempionatından kənarda qalıb.

Reuters”in məlumatına görə, zədə ciddi əzələ yırtığıdır. Baş məşqçi Yulian Nagelsmann Karlın yoxluğunu komanda üçün böyük zərbə adlandırıb və onun qorxusuz oyunu, sürəti, yaradıcılığı və xarakteri ilə yığmaya yaxşı uyğunlaşdığını bildirib.

Karlın əvəzinə Almaniya millisinin heyətinə “RB Leipzig”in yarımmüdafiəçisi Assan Ouedraoqo çağırılıb. O, yığmadakı debütünü 2025-ci ilin noyabrında Slovakiyaya qarşı DÇ seçmə oyununda edib və həmin matçda qol vurub.

Lennart Karl “Bayern”də keçirdiyi uğurlu mövsümdən sonra Almaniyanın DÇ-2026 heyətinə daxil edilmişdi. Onun dünya çempionatından dərhal əvvəl zədələnməsi həm futbolçu, həm də Almaniya millisi üçün ciddi itki kimi qiymətləndirilir.

Almaniya millisi DÇ-2026-da “E” qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsində Kurasao, Kot-d’İvuarEkvador yığmaları ilə qarşılaşacaq.