ABŞ Kuba Prezidentinə qarşı sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Kuba Prezidenti Migel Dias-Kanel, onun ailə üzvləri, Raul Kastronun oğlu və nəvəsi, həmçinin 5 Kuba qurumunu sanksiya siyahısına daxil edib.

15

ABŞ Maliyyə Nazirliyi Kuba Prezidenti Migel Dias-Kanelə, onun ailə üzvlərinə və Kuba hökuməti ilə əlaqəli bir sıra şəxslər və qurumlara qarşı sanksiyalar tətbiq edib.

MSNews.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Dias-Kaneli, onun həyat yoldaşı Lis Kuesta Perasanı və Kuesta Perasanın oğlu Manuel Anido Kuestanı Xüsusi Təyin Olunmuş Şəxslər siyahısına daxil edib.

Sanksiyalar Raul Kastronun ailə üzvlərini də əhatə edir. Siyahıya Raul Kastronun oğlu Alexandro Kastro Espin və onun oğlu Raul Alexandro Kastro Kalis də əlavə olunub.

Bundan başqa, ABŞ beş Kuba qurumuna qarşı da məhdudiyyətlər tətbiq edib. Siyahıya Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyi, İnqilabı Müdafiə Komitələri, Kuba Xalqlar Dostluğu İnstitutu, “Amistur Cuba SA” və “Minera La Victoria SA” şirkəti daxil edilib.

Reuters”in məlumatına görə, bu qərar Vaşinqtonun Kuba kommunist rəhbərliyinə təzyiqi artırmaq istiqamətində son addımlarından biridir. Agentlik yazır ki, sanksiyalar Dias-Kanel, onun ailəsi və Kuba hökuməti ilə əlaqəli şəxslər və strukturlara yönəlib.

Anadolu Agentliyi”nin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio Kuba hakimiyyətini ABŞ-a qarşı siyasi və ideoloji fəaliyyət aparmaqda ittiham edib. Rubio bildirib ki, sanksiyalar Kuba hökumətinin bu fəaliyyətləri həyata keçirən və maliyyələşdirən şəbəkələrinə qarşı yönəlib.

Sanksiyalar çərçivəsində siyahıya daxil edilən şəxslərin və qurumların ABŞ yurisdiksiyasında olan aktivləri bloklanır. ABŞ vətəndaşları və şirkətlərinə isə həmin şəxslər və qurumlarla əməliyyat aparmaq ümumilikdə qadağan edilir.

Kuba tərəfi qərarı kəskin tənqid edib. “Reuters” yazır ki, Kuba xarici işlər naziri Bruno Rodriges sanksiyaları ABŞ-ın müdaxiləçi siyasətinin növbəti nümunəsi adlandırıb. O bildirib ki, iki ölkə arasında qarşıdurma yaratmağa yönələn hər bir addım uğursuzluğa məhkumdur.

Anadolu Agentliyi”nin məlumatına görə, Dias-Kanel də sanksiyaları Vaşinqtonun Kubaya qarşı uzunmüddətli təzyiq siyasətinin davamı kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ ötən ay da Kuba ilə bağlı yeni sanksiyalar tətbiq etmişdi. Vaşinqton həmin qərarla Kuba hökumətinin bir sıra rəsmilərini və təhlükəsizlik strukturlarını hədəfə almışdı.