ABŞ-ın baş prokuroru Pamela Bondi bəyan edib ki, Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores ABŞ-ın Nyu-York ştatının Cənub Dairəsi üzrə Federal Məhkəməsində rəsmi şəkildə ittiham olunublar.
Baş prokurorun açıqlamasına görə, Nikolas Maduro narkoterrorizm məqsədilə sui-qəsd, kokainin ABŞ-a qanunsuz idxalı üçün sui-qəsd, avtomatik silahlar və dağıdıcı qurğulara sahib olmaq, eləcə də ABŞ-a qarşı avtomatik silahlar və dağıdıcı qurğular əldə etmək məqsədilə sui-qəsd maddələri üzrə təqsirləndirilir.
Pamela Bondi bildirib ki, Maduro və Flores yaxın vaxtlarda ABŞ ərazisində, Amerika məhkəmələrində mühakimə olunacaq və “Amerika ədalətinin bütün sərtliyi ilə üzləşəcəklər.” Onun sözlərinə görə, ittihamlar beynəlxalq narkotik şəbəkələri və silahlı cinayətkar fəaliyyətlərlə bağlı uzunmüddətli istintaqın nəticəsidir.
Bu açıqlama ABŞ ilə Venesuela arasında gərginliyin ən yüksək həddə çatdığı bir vaxta təsadüf edir və rəsmi Vaşinqtonun Maduro rəhbərliyinə qarşı hüquqi və siyasi təzyiqləri daha da artırdığını göstərir.