Azərbaycan minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında finala yüksəlib.
MSNews.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinal mərhələsində Serbiya millisi ilə qarşılaşıb.
Bratislavadakı “Tipos Arena”da keçirilən görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Azərbaycan millisinin heyətində Xətai Bağırov 12-ci dəqiqədə hesabı açıb. Serbiya millisi isə 7 dəqiqə sonra cavab qolunu vuraraq tarazlığı bərpa edib — 1:1.
Əsas vaxtda hesab dəyişmədiyi üçün finalçının adı penaltilər seriyasında bəlli olub. Azərbaycan millisində Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarov zərbələrini dəqiq yerinə yetiriblər. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn yığmamız Avropa çempionatının finalına vəsiqə qazanıb.
Finalda Azərbaycan millisinin rəqibi Ukrayna yığması olacaq. Ukrayna millisi digər yarımfinal oyununda Macarıstanı 5:1 hesabı ilə məğlub edərək həlledici mərhələyə yüksəlib.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə indiyədək keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Yığmamız F qrupunda Avstriya, İtaliya və Fransanı məğlub edib. Daha sonra 1/8 finalda Qazaxıstanı 3:2, 1/4 finalda isə Çexiyanı 5:2 hesabı ilə üstələyib.