Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.
MSNews.az xəbər verir ki, “AZƏRTAC”ın məlumatına görə, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.
Yeni inzibati bina Bakının Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa olunan bina yüksək funksionallığı, qabaqcıl texnoloji imkanları və dayanıqlı inkişaf standartlarına uyğunluğu ilə seçilir.
Prezident İlham Əliyev binada milli pul nişanlarının konseptual yanaşmasını, dizayn xüsusiyyətlərini və texnoloji inkişaf xəttini əks etdirən sərgi ilə də tanış olub. Bildirilib ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn xüsusiyyətləri və mühafizə elementləri müasir təqdimat metodları ilə nümayiş olunur.
35 mərtəbədən ibarət yeni binada ümumilikdə 1300 nəfərlik iş sahəsi yaradılıb. Burada konfrans və mətbuat zalları, müxtəlif təlim otaqları, görüş və iclasların keçirilməsi üçün müasir avadanlıqlarla təchiz olunmuş məkanlar mövcuddur.
Binada rəsmi görüşlər və toplantılar üçün 25 otaq nəzərdə tutulub. Həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili üçün istirahət zonası yaradılıb, 340 nəfərlik yeməkxana istifadəyə veriləcək. Müxtəlif tədbir və təqdimatların keçirilməsi üçün nəzərdə tutulan 240 nəfərlik konfrans zalında da bütün zəruri şərait təmin edilib.
Yeni inzibati binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib. Fiziki imkanları məhdud şəxslərin binaya rahat və təhlükəsiz daxil olması, eləcə də bina daxilində sərbəst hərəkət etməsi üçün müvafiq infrastruktur yaradılıb.
Binada yüksək təhlükəsizlik, keyfiyyət və dayanıqlı inkişaf tələblərinə cavab verən müasir texnoloji və informasiya sistemləri quraşdırılıb. Ərazinin və fasadın işıqlandırma sistemi hərəkət sensorlu LED texnologiyası ilə təchiz edilib ki, bu da elektrik enerjisinə qənaət etməyə imkan yaradır.
Yeni binanın gecə vaxtı vizual baxımdan tanınmasını təmin edən multimedia fasad sistemi də yaradılıb. Bu sistem müxtəlif işıqlandırma və proyeksiya ssenarilərinin tətbiqinə şərait yaradır.
Azərbaycan Mərkəzi Bankının yeni inzibati binası ölkənin maliyyə sektorunun idarəetmə imkanlarının genişləndirilməsi, institusional mühitin modernləşdirilməsi və rəqəmsal texnologiyalara əsaslanan iş proseslərinin daha səmərəli təşkili baxımından mühüm infrastruktur layihəsi kimi qiymətləndirilir.








