Belçikada Hazardın adına burger satışa çıxarıldı

Belçikanın “Quick” restoranlar şəbəkəsi DÇ-2026 ərəfəsində Eden Hazardla əməkdaşlıq çərçivəsində “De Eden” adlı limitli burger seriyasını təqdim edib. Burger mal əti, toyuq və balıq variantlarında satılır.

31

Belçikanın “Quick” restoranlar şəbəkəsi DÇ-2026 ərəfəsində ölkə futbolunun məşhur simalarından Eden Hazardın adına xüsusi burger seriyası təqdim edib.

MSNews.az xəbər verir ki, “Quick Belgium” rəsmi saytında yeni məhsul “De Eden” adı ilə təqdim olunur. Limitli seriyaya “De Eden Beef”, “De Eden Chicken” və “De Eden Fish” variantları daxildir.

Şirkətin təqdimatında bildirilir ki, “Team Quick”ə qoşulan Eden Hazardla birlikdə yeni limitli burger xətti satışa çıxarılıb. “De Eden Beef” Əndəlüs ədviyyatlı çörək, mal əti, iki dilim çeddar pendiri, pomidor, aysberq kahısı, qızardılmış soğan və Əndəlüs sousundan ibarətdir.

“Quick Belgium” bu seriyanı futbol dili ilə “dadlı het-trik” kimi təqdim edib. Şirkət qeyd edir ki, “De Eden” mal əti, toyuq və balıq versiyaları ilə satışdadır.

Burger seriyası 2026-cı il dünya çempionatı öncəsi Belçikada futbol ab-havasını artırmaq məqsədi daşıyan kampaniyanın bir hissəsidir. Hazardın adı ilə hazırlanan məhsul həm onun Belçika futbolundakı simvolik statusuna, həm də azarkeşlər arasında məşhur olan yumoristik “burger” obrazına istinad kimi qiymətləndirilir.

“Quick Belgium”un rəsmi məlumatında həmçinin qeyd olunur ki, “De Eden” satışından əldə edilən gəlirin bir hissəsi “QuickFix” təşəbbüsünə yönəldiləcək. Bu layihə Belçikada gənclər üçün idman meydançalarının bərpasını nəzərdə tutur.