İsmayıl Qaani Bab əl-Məndəb və Hörmüzlə bağlı xəbərdarlıq etdi

SEPAH-ın “Qüds” qüvvələrinin komandiri İsmayıl Qaani İsrailin Livan və Qəzzadakı əməliyyatlarına cavab olaraq Bab əl-Məndəb boğazında vəziyyətin Hörmüz boğazındakı vəziyyətə bənzədilə biləcəyini bildirib.

30

SEPAH-ın “Qüds” qüvvələrinin komandiri İsmayıl Qaani İsrailin Livan və Qəzzadakı hərbi əməliyyatlarına cavab olaraq regionda yeni cəbhələrin aktivləşə biləcəyi barədə xəbərdarlıq edib.

MSNews.az xəbər verir ki, “Al Jazeera” İran dövlət televiziyasına istinadən Qaaninin İsrailin Livan və Qəzzadakı hərəkətlərini “şər əməllər” adlandırdığını bildirib. Onun sözlərinə görə, ABŞ-ın İsrailə dəstəyi “müqavimət oxu”nun müxtəlif cəbhələrdə fəaliyyətini genişləndirmək əzmini artırır.

Qaani bildirib ki, İsrailin Livan və Qəzzada davam edən əməliyyatları, Vaşinqtonun dəstəyi fonunda, “müqavimət oxu”nun həm Livan, həm də Qəzza cəbhəsində dəstəyini genişləndirməsinə, digər cəbhələri aktivləşdirməsinə və Bab əl-Məndəb boğazındakı nəqliyyat vəziyyətini Hörmüz boğazındakı vəziyyətə bənzətməsinə səbəb ola bilər.

Bu açıqlama Yaxın Şərqdə gərginliyin artdığı və dəniz nəqliyyatı marşrutlarının yenidən təhlükəsizlik gündəminin mərkəzinə çıxdığı bir vaxtda səslənib. Hörmüz boğazı Fars körfəzindən dünya bazarlarına neft və maye qaz daşınması üçün əsas marşrutlardan biridir. Bab əl-Məndəb boğazı isə Qırmızı dəniz və Ədən körfəzi arasında yerləşir və Süveyş kanalı istiqamətində qlobal ticarət üçün mühüm keçid hesab olunur.

Reuters”in məlumatına görə, İranın “Tasnim” agentliyi daha əvvəl Tehranın ABŞ-la dolayı mesaj mübadiləsini dayandırdığını və İsrailin Livandakı əməliyyatları fonunda Hörmüz boğazının tam bloklanması ehtimalını gündəmə gətirdiyini yazıb. Agentlik “müqavimət cəbhəsi”nin Bab əl-Məndəb də daxil olmaqla digər strateji nöqtələri aktivləşdirə biləcəyini bildirib.

Eyni zamanda, Livan cəbhəsində deeskalasiya cəhdləri davam edir. “Reuters” Livanın Vaşinqtondakı səfirliyinə istinadən yazır ki, “Hezbollah” İsraillə qarşılıqlı hücumların dayandırılması üzrə ABŞ təklifini qəbul edib. İlkin mərhələdə İsrailin Beyrutun cənub ətraflarına zərbələri dayandırması, “Hezbollah”ın isə İsrailə hücumları dayandırması nəzərdə tutulur.

Buna baxmayaraq, bölgədə vəziyyət kövrək olaraq qalır. İsrailin Livanın cənubunda əməliyyatları davam etdirməsi, Qəzzada hərbi fəaliyyətin səngiməməsi və İran rəsmilərinin sərt bəyanatları ABŞ-İran danışıqları üçün də əlavə risk yaradır.

Anadolu Agentliyi”nin məlumatına görə, İran Xarici İşlər Nazirliyi İsrailin Livandakı hücumlarını atəşkəs razılaşmalarının pozulması kimi qiymətləndirib və bunun nəticələrinə görə ABŞ-ı məsul saydığını bildirib.

İran rəsmiləri son günlərdə Livan və Qəzza məsələsinin ABŞ-la mümkün razılaşmalardan ayrı qiymətləndirilə bilməyəcəyini vurğulayırlar. Tehran bildirir ki, Livanda atəşkəsə əməl olunmaması və İsrailin əməliyyatlarının davam etməsi bütün regional diplomatik proseslərə təsir göstərə bilər.

Qaaninin Bab əl-Məndəb və Hörmüz boğazları ilə bağlı açıqlaması bu baxımdan yalnız hərbi ritorika deyil, həm də beynəlxalq enerji və ticarət marşrutlarına dair siyasi təzyiq mesajı kimi qiymətləndirilir. Hər iki boğazda vəziyyətin gərginləşməsi neft qiymətlərinə, dəniz sığortasına və Asiya-Avropa ticarət marşrutlarına ciddi təsir göstərə bilər.

Bununla belə, hazırda Bab əl-Məndəb boğazının faktiki bağlanması və ya İran tərəfindən bu istiqamətdə birbaşa hərbi əməliyyatlara başlanması barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Qaaninin açıqlaması hələlik SEPAH-ın “Qüds” qüvvələrinin komandiri tərəfindən səsləndirilmiş sərt xəbərdarlıq kimi qiymətləndirilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930