Hindistanın Kəlküttə şəhərində Lionel Messinin nəhəng heykəli açılışından bir neçə ay sonra təhlükəsizlik səbəbindən sökülməyə başlayıb.
MSNews.az xəbər verir ki, “The Telegraph India”nın məlumatına görə, Leyk Taun ərazisində yerləşən təxminən 70 futluq heykəlin sökülməsi işlərinə başlanılıb. Rəsmilər bildiriblər ki, heykəl güclü külək zamanı yelləndiyi üçün onun həmin sıx nəqliyyat qovşağında saxlanılması təhlükəli hesab edilib.
Məlumata əsasən, Qərbi Benqalın İctimai İşlər Departamentinin mütəxəssisləri heykəlin əsas boltlarının boşaldığını müəyyən ediblər. Problem texniki olaraq aradan qaldırılsa da, konstruksiya Leyk Taun kimi hərəkətli ərazidə nümayiş üçün uyğun sayılmayıb. Heykəlin başqa bir yerə daşınacağı bildirilir.
“Times of India” yazır ki, yerli sakinlərin heykəlin küləkdə nəzərəçarpacaq şəkildə yellənməsi ilə bağlı şikayətlərindən sonra yoxlama aparılıb. Mühəndislərin qiymətləndirməsindən sonra konstruksiyanın təhlükəsizlik baxımından risk yaratdığı qənaətinə gəlinib. 21 metrlik qızılı rəngli heykəl Messinin 2022-ci il dünya çempionluğu kubokunu qaldırdığı obrazda hazırlanıb. Heykəl 2025-ci ilin dekabrında argentinalı ulduzun Hindistana “GOAT Tour” səfəri zamanı təqdim olunmuşdu.
Messinin Kəlküttə səfəri zamanı keçirilən tədbirlər də əvvəlcə mübahisələrlə yadda qalmışdı. “ESPN” yazmışdı ki, 2025-ci ilin dekabrında keçirilən açılış və stadion tədbiri zəif təşkilatçılıq, izdiham və azarkeş narazılığı səbəbindən qalmaqallı keçib.
Nəhəng heykəl qısa müddətdə Kəlküttədə futbol azarkeşlərinin diqqətini çəkən məkanlardan birinə çevrilmişdi. Lakin son təhlükəsizlik yoxlamasından sonra rəsmilər onun hazırkı yerdə saxlanılmasının mümkün olmadığını bildiriblər.
Hazırda heykəlin tam sökülərək harada yenidən quraşdırılacağı dəqiqləşməyib. Yerli mənbələrə görə, konstruksiya müvəqqəti olaraq saxlanılacaq və daha sonra daha təhlükəsiz ərazidə yenidən yerləşdirilə bilər.