“Bank of Scotland” Şotlandiya millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazanmasını qeyd etmək üçün Skott MakTominayın Danimarkaya vurduğu məşhur “qayçı zərbəsi” qolundan ilhamlanan xüsusi20 funtluq əskinas təqdim edib. Bankın rəsmi məlumatına görə, kolleksiya xarakterli əskinas futbolçunun dünya çempionatının seçmə mərhələsində vurduğu tarixi qolu və Şotlandiyanın uzun fasilədən sonra mundiala qayıdışını simvolizə edir.
Əskinasın dizaynı Şotlandiya illüstratoru Keti Smit tərəfindən hazırlanıb. Dizaynda klassik banknot elementləri MakTominayın akrobatik qolunu əks etdirən təsvirlə birləşdirilib. “Bank of Scotland” bildirir ki, cəmi 100 ədəd belə əskinas çap olunub. Onlardan 50-si azarkeşlər üçün əlçatan olacaq: 25-i uduş kampaniyasında, 25-i isə hərracda təqdim ediləcək.
Hərrac və uduş kampaniyasından əldə edilən bütün gəlirlər “Crisis” xeyriyyə təşkilatına yönəldiləcək. “Bank of Scotland” qeyd edir ki, vəsait təşkilatın Şotlandiyada evsizliyin aradan qaldırılması istiqamətində fəaliyyətinə dəstək olacaq. Bank istehsal, marketinq və paylama xərclərini yığılan məbləğdən çıxmayacağını da açıqlayıb.
MakTominay bu təşəbbüsü xüsusi hadisə adlandırıb. Futbolçu bildirib ki, dünya çempionatına vəsiqə qazanmaq hər bir oyunçunun arzusudur və həmin qolun Şotlandiya əskinasında əks olunması onun üçün böyük qürurdur. O, layihənin evsiz insanlara yardım məqsədi daşımasını isə təşəbbüsü daha da mənalı etdiyini deyib.
Şotlandiya millisi Danimarkanı “Hampden Park”da 4:2 hesabı ilə məğlub edərək 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. MakTominay həmin oyunda erkən dəqiqələrdə möhtəşəm “qayçı zərbəsi” ilə hesabı açmışdı. Bu qol artıq Şotlandiya futbolunun ən yaddaqalan müasir anlarından biri kimi qəbul olunur.
Kampaniya çərçivəsində onlayn hərrac və uduş kampaniyası mayın 22-də başlayıb və iyunun 26-da saat 11:00-da başa çatacaq. Bundan başqa, Qlazqo və Edinburqda xüsusi “pop-up vault” tədbirləri təşkil olunacaq; kodu düzgün tapan azarkeşlər məhdud sayda buraxılmış əskinaslardan birini qazana biləcəklər.