İngiltərə futbolunun tanınmış simalarından Ceyms Milner peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
MSNews.az xəbər verir ki, “The Sun”ın məlumatına görə, 40 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edərək 24 mövsümlük Premyer Liqa karyerasından sonra futboldan getmək üçün doğru zamanın gəldiyini bildirib.
Milner açıqlamasında uşaqlıqdan azarkeşi olduğu “Lids Yunayted”də 16 yaşında debüt etməsini, daha sonra “Nyukasl”, “Aston Villa”, “Mançester Siti”, “Liverpul” və “Brayton”da çıxış etməsini böyük imtiyaz adlandırıb. O, karyerası boyunca ona dəstək olan klublara, məşqçilərə, komanda yoldaşlarına, azarkeşlərə və ailəsinə təşəkkür edib.
Premyer Liqanın rəsmi məlumatına görə, Milner 2026-cı ilin fevralında “Brayton”un heyətində “Brentford”a qarşı matçda meydana çıxaraq Premyer Liqada 654-cü oyununu keçirib və Qaret Barrinin uzun illər davam edən rekordunu geridə qoyub. Mövsümün sonuna qədər o, bu göstəricini 658 oyuna çatdırıb.
Milner Premyer Liqada ilk oyununa 2002-ci ildə “Lids Yunayted”in heyətində çıxıb. O, həmin ilin dekabrında “Sanderlend”ə qol vuraraq o dövr üçün Premyer Liqa tarixinin ən gənc qol müəllifi olmuşdu. Sonrakı illərdə ingilis futbolçu həm dayanıqlığı, həm də çoxfunksiyalı oyunu ilə seçilib.
Karyerasının ən uğurlu dövrlərindən birini “Mançester Siti” və “Liverpul”da keçirən Milner İngiltərə çempionluğu, Çempionlar Liqası, İngiltərə Kuboku, Liqa Kuboku, UEFA Superkuboku və Klublararası dünya çempionluğu kimi titullar qazanıb. Xüsusilə Yurgen Kloppun rəhbərliyi altında “Liverpul”da çıxış etdiyi illərdə o, komandanın əsas liderlərindən və vitse-kapitanlarından biri hesab olunurdu.
Milner 2025-ci ildə “Brayton”la müqaviləsini daha bir il uzatmışdı. Həmin vaxt o, Qaret Barrinin 653 oyunluq rekorduna yaxınlaşırdı və komandanın baş məşqçisi Fabian Hürzeler onun təcrübəsini gənc futbolçular üçün vacib amil kimi qiymətləndirmişdi.
Milner İngiltərə millisində də çıxış edib. O, milli komandanın heyətində 61 oyun keçirib, iki Avropa çempionatı və iki dünya çempionatında iştirak edib. Futbolçu 2016-cı ildə İngiltərə millisindəki karyerasını başa vurmuşdu.