Əş-Şaraa Trampdan Suriyaya qarşı qalan sanksiyaların ləğvini istəyib

Suriya Prezidenti Əhməd əş-Şaraa ABŞ Prezidenti Donald Trampla telefon danışığında Suriyaya qarşı qalan sanksiyaların ləğvini müzakirə edib. Dəməşq bu addımı iqtisadi bərpa və investisiyaların cəlbi üçün əsas şərt sayır.

28

Suriya Prezidenti Əhməd əş-Şaraa ABŞ Prezidenti Donald Trampla telefon danışığında Suriyaya qarşı qalan sanksiyaların ləğvini müzakirə edib.

MSNews.az xəbər verir ki, “Reuters” Suriya Prezident Administrasiyasına istinadən yazıb ki, tərəflər telefon danışığı zamanı Suriya iqtisadiyyatına dəstək yollarını və regiondakı son hadisələri müzakirə ediblər.

Suriya tərəfinin bəyanatına görə, Əhməd əş-Şaraa bildirib ki, ABŞ tərəfindən tətbiq edilən qalan sanksiyaların götürülməsi ölkə iqtisadiyyatının yenidən fəallaşması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması və investisiyaların stimullaşdırılması üçün əsas addımlardan biridir.

Anadolu Agentliyi”nin məlumatına görə, əş-Şaraa Trampa bildirib ki, sanksiyaların ləğvi Suriyanın iqtisadi bərpası və yenidənqurma prosesinin sürətlənməsi baxımından fundamental əhəmiyyət daşıyır. Danışıqda həmçinin regional sabitlik və beynəlxalq dəstək məsələlərinin də gündəmə gəldiyi qeyd olunub.

ABŞ tərəfi 2025-ci ildə Suriyaya qarşı sanksiya siyasətində ciddi dəyişikliklərə başlamışdı. Ağ Evin rəsmi məlumatına görə, Prezident Donald Tramp 2025-ci ilin iyununda Suriyaya qarşı sanksiya proqramının ləğvini nəzərdə tutan sərəncam imzalayıb. Bununla belə, həmin qərarda Bəşər Əsəd rejimi ilə əlaqəli şəxslər, insan hüquqları pozuntularında iştirak edənlər, narkotik qaçaqmalçılığı, kimyəvi silah fəaliyyəti, İŞİD və İranla bağlı strukturlara qarşı məhdudiyyətlərin saxlanılacağı bildirilmişdi.

Associated Press” həmin qərarı ABŞ-ın Suriyanı beynəlxalq maliyyə sisteminə qaytarmaq və ölkənin bərpasına dəstək vermək məqsədi daşıyan addım kimi qiymətləndirmişdi. Agentlik eyni zamanda qeyd etmişdi ki, geniş iqtisadi sanksiyalar yumşaldılsa da, keçmiş Əsəd rejimi, insan hüquqları pozuntuları, narkotik ticarəti və kimyəvi silah proqramları ilə bağlı məhdudiyyətlər qüvvədə qalır.

Suriyanın yeni rəhbərliyi üçün sanksiyaların tam aradan qaldırılması ölkənin iqtisadi bərpası baxımından əsas prioritetlərdən biri sayılır. Uzun illər davam edən müharibə və beynəlxalq təcrid ölkənin maliyyə sistemi, infrastruktur layihələri, ticarət əlaqələri və investisiya mühiti üzərində ciddi təsir buraxıb.

Financial Times” daha əvvəl yazmışdı ki, Suriya yeni iqtisadi islahatlar və bank sisteminin bərpası fonunda beynəlxalq maliyyə şəbəkələrinə yenidən qoşulmağa çalışır. Nəşrin məlumatına görə, Dəməşq xarici investisiyaları cəlb etmək, bank sektorunu yenidən qurmaq və müharibədən sonra iqtisadi sabitləşməyə nail olmaq istəyir.

ABŞ və Suriya prezidentləri arasında telefon danışığı Vaşinqtonla Dəməşq arasında münasibətlərin mərhələli şəkildə yenidən qurulduğu dövrə təsadüf edir. Lakin qalan sanksiyaların nə vaxt və hansı şərtlərlə ləğv ediləcəyi hələlik açıq sual olaraq qalır.

Hazırda Suriya tərəfi sanksiyaların götürülməsini iqtisadi dirçəliş üçün əsas şərt kimi təqdim edir, ABŞ isə əvvəlki bəyanatlarında terrorizm, insan hüquqları, narkotik ticarəti və regional təhlükəsizlik məsələlərini əsas nəzarət mexanizmləri kimi saxlayacağını bildirib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930