“Hizbullah” ABŞ vasitəçiliyi ilə imzalanan İsrail-Livan çərçivə razılaşmasını rədd edib.
MSNews.az xəbər verir ki, razılaşma Vaşinqtonda ABŞ-ın iştirakı ilə imzalanıb. ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, sənəd Livanın suverenliyinin bərpası, “Hizbullah”ın tərksilahı və təşkilatın hərbi infrastrukturunun ləğvi üçün proses nəzərdə tutur.
“Hizbullah” lideri Naim Qasim isə razılaşmanı “alçaldıcı”, “utancverici” və Livanın suverenliyinin təslimi kimi qiymətləndirib. O, İsrailin Livanın cənubundan çıxarılmasının “Hizbullah”ın tərksilahı ilə əlaqələndirilməsini rədd edib.
Qasim bildirib ki, təşkilat “müqaviməti” davam etdirəcək və nəzarət etdiyi mövqeləri tərk etməyəcək. Onun sözlərinə görə, “Hizbullah” çətin şəraitdə meydanı tərk etməyib və bundan sonra da geri çəkilməyəcək.
“Hizbullah” deputatı Hassan Fadlallah da razılaşmanın həyata keçirilməsinə qarşı çıxacaqlarını bildirib. Onun sözlərinə görə, Livan hakimiyyəti ABŞ-ın dəstəyi ilə bu razılaşmanı tətbiq etməyə çalışarsa, ölkədə ciddi daxili qarşıdurma riski yarana bilər.
Razılaşmanın elan edilməsindən sonra Beyrutda “Hizbullah” tərəfdarları etiraz aksiyalarına başlayıblar. Yerli və beynəlxalq medianın məlumatına görə, yüzlərlə etirazçı motosikletlərlə paytaxt küçələrinə çıxıb, İran və “Hizbullah” bayraqları qaldırıb.
Etirazçılar razılaşmanı Livanın tarixi düşməni olan İsraillə münasibətlərin normallaşdırılması kimi qiymətləndirirlər. Onlar həmçinin sənədin İsrail qüvvələrinin Livanın cənubunda qalmasına imkan yarada biləcəyini iddia edirlər.
Beyrutun bəzi bölgələrində yollar bağlanıb, təkərlər yandırılıb. Xüsusilə hava limanına aparan yol istiqamətində gərginlik yaşanıb. Livan ordusu paytaxtda müvəqqəti nəzarət məntəqələri qurub və yolları bağlayan etirazçılara müdaxilə edib.
Livan ordusu və təhlükəsizlik qurumları vətəndaşları məsuliyyətli davranmağa çağırıb. Livan prokurorluğunun da mümkün iğtişaşların qarşısının alınması və qanunu pozan şəxslərin müəyyən edilməsi üçün təhlükəsizlik qüvvələrinə göstəriş verdiyi bildirilir.
Razılaşmanın tərəfdarları sənədi Livan dövlətinin suverenliyini bərpa etmək üçün imkan kimi təqdim edir. Əleyhdarlar isə bunun İsrailin Livanın cənubunda mövcudluğunu uzada biləcəyini və ölkəni daxili böhrana sürükləyə biləcəyini bildirirlər.
Qeyd edək ki, ilkin məlumatlarda razılaşmanın Beyrutda imzalandığı qeyd olunsa da, beynəlxalq mənbələr sənədin Vaşinqtonda imzalandığını bildirir.