İran raketinin qalıqları Küveytdəki aviabazaya düşüb

“Bloomberg”in məlumatına görə, İran raketinin Küveytdəki Əli əs-Salem aviabazasına düşən qalıqları nəticəsində bir neçə amerikalı xəsarət alıb, iki MQ-9 Reaper PUA-sına isə ciddi ziyan dəyib.

10

İran tərəfindən Küveyt istiqamətində atıldığı bildirilən ballistik raketin qalıqları Əli əs-Salem aviabazasının ərazisinə düşüb.

MSNews.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, hadisə nəticəsində təxminən beş amerikalı yüngül xəsarət alıb. Onların arasında həm ABŞ hərbçilərinin, həm də mülki podratçıların olduğu bildirilir. Məlumat anonim mənbəyə əsaslandığı üçün yaralıların sayı və ziyanın həcmi hələlik rəsmi qurumlar tərəfindən ayrıca təsdiqlənməyib.

The Straits Times”ın “Bloomberg”ə istinadən yaydığı xəbərdə qeyd olunur ki, Küveytin hava hücumundan müdafiə sistemi Fateh-110 tipli raketi ələ keçirib, lakin raketin qalıqları Əli əs-Salem aviabazasına düşüb. Nəticədə ABŞ-a məxsus iki MQ-9 Reaper pilotsuz uçuş aparatına ciddi ziyan dəydiyi, onlardan birinin tam sıradan çıxdığı bildirilir.

ABŞ Mərkəzi Komandanlığı — “CENTCOM” — mayın 27-də İranın Küveyt istiqamətində ballistik raket buraxdığını və raketin Küveyt qüvvələri tərəfindən uğurla ələ keçirildiyini açıqlayıb. Komandanlıq hadisəni atəşkəsin ciddi pozulması kimi qiymətləndirib.

Reuters”in məlumatına görə, Küveyt ordusu ölkə ərazisində eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin raket və PUA təhlükələrini zərərsizləşdirməsi ilə bağlı olduğunu bildirib. Küveyt tərəfi həmin açıqlamada təhlükələrin hansı ölkədən gəldiyini konkret göstərməyib.

Euronews” isə İran İnqilab Keşikçiləri Korpusuna istinadən yazıb ki, Tehran ABŞ-ın Bəndər-Abbas yaxınlığında həyata keçirdiyi zərbələrə cavab olaraq ABŞ aviabazasını hədəfə aldığını bəyan edib. İran tərəfi hədəfə alınan bazanın adını açıqlamayıb.

Əli əs-Salem aviabazası Küveytdə yerləşir və bölgədə ABŞ qüvvələrinin istifadə etdiyi mühüm hərbi obyektlərdən biri hesab olunur. Hadisə Vaşinqton və Tehran arasında aprel ayından qüvvədə olan kövrək atəşkəs fonunda yeni gərginlik kimi qiymətləndirilir.