Keniyada anasını itirən bala begemot xilas edilib və hazırda baxıcılarının xüsusi nəzarəti altında saxlanılır.
MSNews.az xəbər verir ki, “Sheldrick Wildlife Trust”ın məlumatına görə, “Bumpy” adı verilən bala begemot 2026-cı il mayın 2-də Keniyanın Naivaşa bölgəsində, Oloiden gölü yaxınlığında tapılıb. Hadisə barədə məlumat daxil olduqdan sonra “Keniya Vəhşi Təbiət Xidməti”nin baytar və xilasetmə qrupu əraziyə cəlb olunub.
Fondun açıqlamasında bildirilir ki, xilasedicilər hadisə yerinə çatanda bala begemot anasının cansız bədəninin yanında olub. Heyvan anasını tərk etmək istəməyib, onu burnu ilə itələyərək sanki oyatmağa çalışıb. Mütəxəssislərin ilkin qənaətinə görə, ana begemotun təbii səbəblərdən, ehtimal ki, ərazi uğrunda digər begemotlarla qarşıdurma zamanı öldüyü düşünülür. Fond bunun qəti fakt kimi deyil, baytarların ehtimalı kimi qiymətləndirildiyini bildirib.
Xilasetmə əməliyyatından sonra bala begemot əvvəlcə Nayrobidəki sığınacağa aparılıb. “People” nəşrinin yazdığına görə, Bumpy burada isti südlə qidalandırılıb, yorğana bükülüb və gecəni baxıcılarından birinin yanında keçirib.

“Sheldrick Wildlife Trust”ın məlumatında qeyd olunur ki, baxıcı Simon ilk gecə döşəyini yerə sərib ki, bala begemot onun yanında yata bilsin. Fondun bildirdiyinə görə, Bumpy ağır stressdən sonra insan qayğısına tez bağlanıb və həmin vaxtdan etibarən baxıcılarından ayrılmamağa başlayıb.
Hazırda bala begemot fondun Kaluku bölməsində saxlanılır. O, günün böyük hissəsini suda keçirir, lakin baxıcılarının nəzarəti olmadan tək buraxılmır. Fond bildirir ki, Bumpy artıq baxıcılarının ardınca kölgə kimi gəzir və özünü onların yanında daha rahat hiss edir.
“Sheldrick Wildlife Trust” gələcəkdə Bumpy-nin böyüyüb gücləndikdən sonra Athi çayı ətrafında yaşayan vəhşi begemot sürülərinə uyğunlaşdırılmasına ümid edir. Hələlik isə bala begemotun sağlamlığı, qidalanması və insan nəzarətində adaptasiyası əsas prioritet kimi saxlanılır.