Kuşner və Uitkoffdan İran üçün 300 milyard dollarlıq fond ideyası

“The New York Times” yazır ki, ABŞ və İran arasında mümkün saziş çərçivəsində Tehran üçün 300 milyard dollarlıq investisiya fondu ideyası müzakirə olunur. Təşəbbüs Cared Kuşner və Stiv Uitkoffla əlaqələndirilir.

11

ABŞ və İran arasında müzakirə olunan mümkün razılaşma layihəsində Tehran üçün böyük həcmli investisiya fondu yaradılması ideyası yer alıb.

The New York Times”ın Erika Solomon və Farnaz Fassihinin imzası ilə yayılan materialında bildirilir ki, layihənin ən diqqətçəkən bəndlərindən biri İran üçün “müharibədən sonrakı investisiya fondu” və ya “yenidənqurma proqramı”dır. İran rəsmisi və danışıqlarda iştirak edən diplomat fondu təxminən 300 milyard dollar həcmində qiymətləndirib, lakin vasitəçilik prosesində iştirak edən digər rəsmilər bu rəqəmi təsdiqləməyiblər.

Məlumata görə, bu ideya ABŞ prezidentinin kürəkəni Cared Kuşner və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Uitkoffla əlaqələndirilir. Danışıqlarda iştirak edən bəzi vasitəçilər bildirib ki, hər iki şəxs mümkün razılaşma əldə olunacağı halda Tehranda daşınmaz əmlak layihələrinin təşviqi və daha geniş investisiya mexanizminin yaradılması ideyasını gündəmə gətirib.

Mediaite” də “The New York Times”a istinadən yazır ki, fond ideyası İranın bombardmanlar nəticəsində dəymiş zərərə görə kompensasiya tələb etməsindən sonra gündəmə gəlib. Bəzi İran rəsmiləri zərərin həcmini 300 milyard dollardan 1 trilyon dollara qədər qiymətləndiriblər.

Müzakirə olunan layihəyə əsasən, fond birbaşa ABŞ-ın İrana pul ödəməsi kimi yox, beynəlxalq investisiya mexanizmi kimi təqdim oluna bilər. Diplomatların sözlərinə görə, Vaşinqton belə bir mexanizmin formalaşmasına kömək edə bilər, lakin fondun konkret strukturu, hansı ölkələrin və şirkətlərin iştirak edəcəyi, vəsaitin hansı sahələrə yönəldiləcəyi hələ müəyyənləşməyib.

“The New York Times”ın məlumatına görə, bu məsələ ABŞ-İran razılaşmasının daha geniş çərçivəsinə daxildir. Layihədə 60 günlük ilkin danışıqlar dövrü, hərbi əməliyyatların dayandırılması, Hörmüz boğazında gəmiçiliyin bərpası, İranın dondurulmuş aktivlərinə mərhələli çıxış və sonrakı mərhələdə nüvə proqramı ilə bağlı çətin danışıqların aparılması nəzərdə tutulur.

Reuters” isə yazır ki, ABŞ və İran 60 günlük atəşkəsin uzadılması və danışıqların davamı barədə memorandum üzrə razılığa yaxınlaşıb, lakin sənəd hələ ABŞ prezidenti Donald Trampın yekun təsdiqini gözləyir. Agentliyin məlumatına görə, tərəflər Hörmüz boğazı, nüvə proqramı və sanksiyalar kimi əsas məsələlərdə hələ də fərqli mövqelər saxlayırlar.

İran tərəfi nüvə proqramı ilə bağlı məsələlərin ilkin sazişin əsas hissəsi olmadığını və sonrakı mərhələdə ayrıca müzakirə edilməli olduğunu bildirir. “Reuters”in məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməməsi, Hörmüz boğazının dərhal və rüsumsuz açılması və nüvə materiallarının ABŞ tərəfindən çıxarılması kimi şərtlər irəli sürüb. İranın “Fars” agentliyi isə bu açıqlamaları “qondarma qələbə görüntüsü yaratmaq cəhdi” adlandırıb.

Kuşnerin adı daha əvvəl də Yaxın Şərqdə daşınmaz əmlak və yenidənqurma ideyaları ilə gündəmə gəlmişdi. “Associated Press” 2024-cü ildə yazırdı ki, Kuşner Qəzzanın sahilyanı ərazilərinin “çox dəyərli” ola biləcəyini deyib və bu fikirlər ciddi mübahisələr doğurub.

Hazırda İran üçün 300 milyard dollarlıq investisiya fondu ideyası rəsmi razılaşma yox, danışıqlar çərçivəsində müzakirə edilən variant kimi qiymətləndirilir. Sənədin taleyi Trampın qərarından, İran rəhbərliyinin mövqeyindən və vasitəçilərin tərəflər arasında qalan əsas fikir ayrılıqlarını aradan qaldıra bilməsindən asılı olacaq.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər lenti