Gürcüstan müxalifətində sabiq prezident Mixeil Saakaşvili ilə keçmiş silahdaşı Nika Melia arasında siyasi qarşıdurma daha da kəskinləşib.
“Ahali” partiyasının və “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri olan Nika Melia həbsxanadan ünvanladığı açıq məktubda Saakaşvilini yalan danışmaqda, siyasi prosesi dağıtmaqda və müxalifətin birliyinə zərbə vurmaqda ittiham edib.
“SOVA” yazır ki, məktub Saakaşvilinin son açıqlamalarına cavab olaraq hazırlanıb. Gürcüstanın sabiq prezidenti daha əvvəl 2021-ci ilin payızında ölkəyə qayıtmaq qərarına təsir edən “xain”dən danışmış, sonradan isə bu sözlərlə Melianı nəzərdə tutmadığını bildirmişdi. Lakin Saakaşvilinin tərəfdarları həmin fikirləri keçmiş “Vahid Milli Hərəkat” sədri ilə əlaqələndiriblər.
Melia cavab məktubunda Saakaşvilinin “xəyanət” mövzusunu öz siyasi səhvlərini ört-basdır etmək üçün gündəmə gətirdiyini iddia edib. Onun sözlərinə görə, keçmiş prezident 2021-2022-ci illərlə bağlı ağır siyasi və mənəvi qərarlarının məsuliyyətindən yayınmağa çalışır.
“InterpressNews” Melianın məktubuna istinadən yazır ki, o, Saakaşvilinin hakimiyyətlə gizli danışıqlar apardığını və ölkədən çıxarılması müqabilində müəyyən razılaşma əldə etməyə çalışdığını iddia edib. Melia bu danışıqların detallarının və prosesdə iştirak edən şəxslərin zamanla ictimaiyyətə məlum olacağını bildirib.
Məktubun ən sərt hissələrindən biri Saakaşvilinin 2021-ci ildə Gürcüstana qayıdışı ilə bağlıdır. Melianın versiyasına görə, sabiq prezident bu qərarı siyasi zərurətə görə deyil, müxalifət daxilində başqalarının nüfuzunun artmasına qısqanclıqla yanaşdığı üçün verib. O iddia edib ki, həmin dövrdə müxalifət daxilində nadir birlik formalaşmışdı, lakin Saakaşvilinin qayıdışı bu prosesi məhv etdi.
“1TV Georgia” Melianın məktubundan sitat gətirərək yazır ki, o, Saakaşvilinin həmin dövrdə müxalifətin seçki kampaniyasına və birliyinə real töhfə vermədiyini bildirib. Melianın fikrincə, sabiq prezidentin geri dönüşü “çox perspektivli siyasi prosesi külə çevirdi”.
Melia həmçinin qeyd edib ki, Saakaşvili həbsdə və klinikada olduğu müddətdə beş il susub, onun əleyhinə kompromat xarakterli məlumatlardan istifadə etməyib. Lakin sabiq prezidentin mütəmadi şəkildə onu hədəfə alan açıqlamalar verməsindən sonra artıq susmayacağını bildirib.
Məktubun sonunda Melia Saakaşvili ilə gələcəkdə hər hansı siyasi birlik ehtimalını faktiki olaraq istisna edib. O bildirib ki, “Saakaşvilinin olduğu yerdə ölkə marağı yoxdur, yalnız şəxsi eqoist maraq var”.
Qeyd edək ki, Nika Melia Gürcüstanda son illər hakimiyyətə qarşı ən fəal müxalif fiqurlardan biri sayılır. “Reuters” daha əvvəl yazırdı ki, Melia 2025-ci ildən həbsdədir və Gürcüstan müxalifətinə qarşı təzyiqlərin artdığı bir dövrdə əlavə ittihamlarla üzləşib. Onun partiyası ittihamları siyasi motivli hesab edir.