Türkiyə Ermənistanla birbaşa ikitərəfli ticarətin başlanması üçün tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində qərar qəbul edib. Ermənistan Xarici İşlər Nazirliyi bu addımı alqışlayaraq, qərarın Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinin növbəti nəticəsi olduğunu bildirib.
MSNews.az “Armenpress” və “News.am” nəşrlərinə istinadən xəbər verir.
Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan qeyd edib ki, bu qərar iki ölkə arasında ticarətin və biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, regionda iqtisadi qarşılıqlı bağlılığın təşviqi, eləcə də sülh və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli isə bildirib ki, Ermənistanla birbaşa ticarətin başlanması ilə bağlı bürokratik hazırlıqlar 2026-cı il mayın 11-dən etibarən tamamlanmış hesab olunur. Onun sözlərinə görə, bu addım 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində həyata keçirilən etimad quruculuğu tədbirlərindən biridir.
Keçeli həmçinin Türkiyə-Ermənistan sərhədinin açılması üçün texniki və bürokratik işlərin davam etdiyini vurğulayıb. Ankara Cənubi Qafqazda davamlı sülh və rifah üçün yaranmış tarixi imkan fonunda iqtisadi əlaqələrin inkişafına və regional əməkdaşlığın dərinləşməsinə töhfə verməyə davam edəcəyini bildirib.
Ermənistan tərəfi qərarın iki ölkə arasında tam və normal münasibətlərin qurulması istiqamətində mühüm addım olduğunu qeyd edir. Badalyanın sözlərinə görə, bu prosesin məntiqi davamı Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin qurulması ola bilər.
Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər hələ də qurulmayıb, iki ölkə arasındakı quru sərhədi isə 1993-cü ildən bağlıdır. Son illərdə tərəflər xüsusi nümayəndələr vasitəsilə normallaşma danışıqları aparır və 2025-ci ilin sonunda viza prosedurlarının sadələşdirilməsi ilə bağlı razılıq əldə etmişdilər.