Antoni Qordon “Barselona”ya keçdi

“Barselona” Antoni Qordonun transferini rəsmən açıqlayıb. İngiltərəli vinger Kataloniya klubu ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.

30

“Barselona” İngiltərə millisinin vingeri Antoni Qordonun transferini rəsmən açıqlayıb.

“FC Barcelona” rəsmi saytında bildirib ki, Kataloniya klubu “Nyukasl”la Antoni Qordonun transferi ilə bağlı razılığa gəlib. İngiltərəli futbolçu “Barselona” ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.

Klub transfer məbləğini açıqlamayıb. Bununla belə, “FootballTransfers” David Ornsteinə istinadən yazır ki, tərəflər təxminən 80 milyon avroluq paket üzrə razılığa gəliblər. Müxtəlif mənbələrdə bu məbləğin 70 milyon avro əsas ödəniş və bonuslardan ibarət olduğu qeyd olunur.

“Barselona” Qordonu 2026/27 mövsümü üçün ilk transferi kimi təqdim edib. Rəsmi açıqlamada 25 yaşlı futbolçunun “Nyukasl”dakı çıxışı ilə Avropa futbolunda diqqət çəkdiyi, sürəti, driblinqi, müdafiə işində fəallığı və hücum xəttində universallığı ilə fərqləndiyi vurğulanıb.

Qordon 2023-cü ilin yanvarında “Everton”dan “Nyukasl”a keçmişdi. O, Premyer Liqa klubunda əsas oyunçulardan birinə çevrilib və ötən mövsüm komandanın ən məhsuldar futbolçularından biri olub. “Barselona”nın rəsmi məlumatında bildirilir ki, Qordon “Nyukasl”da son mövsümü komandanın ən yaxşı bombardiri kimi başa vurub və ən çox driblinq edən oyunçu olub.

İngiltərəli vingerin “Barselona”ya qoşulması Hansi Flikin hücum xəttini gücləndirmək planının bir hissəsi kimi qiymətləndirilir. Qordon əsasən sol cinahda çıxış etsə də, lazım gəldikdə mərkəz hücumçusu mövqeyində də oynaya bilir.

Futbolçu yeni klubuna dünya çempionatından sonra qoşulacaq. “Barselona” onun mundialda İngiltərə millisinin heyətində özünü daha da göstərmək imkanı qazanacağını qeyd edib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər lenti