Bosniya və Herseqovina millisinin 2026-cı il dünya çempionatına hazırlığı fonunda yayılan yeni klip sosial şəbəkələrdə böyük maraq doğurub.
Klipdə millinin futbolçuları “Panini” kolleksiya kartları formatında, danışan stikerlər kimi təqdim olunur. Video “I am from Bosnia, take me to America” — “Mən Bosniyadanam, məni Amerikaya aparın” mahnısının müşayiəti ilə hazırlanıb.
Bosniya və Herseqovinanın dünya çempionatına vəsiqə qazanmasından sonra Dubioza Kolektiv qrupunun bu mahnısı komandanın seçmə mərhələsində qeyri-rəsmi himninə çevrilib. Futbolçular İtaliya üzərində penaltilər seriyasındakı qələbədən sonra baş məşqçi Sergey Barbarezin mətbuat konfransını yarımçıq kəsərək həmin mahnını oxumuşdular.
FIFA-nın məlumatına görə, Bosniya və Herseqovina pley-off mərhələsində Uels və İtaliya ilə dramatik oyunlardan sonra 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. Bu, komandanın tarixində ikinci mundial olacaq. Bosniya daha əvvəl yalnız 2014-cü ildə dünya çempionatının final mərhələsində iştirak etmişdi.
Mundial həyəcanı ölkədə “Panini” kolleksiyasına marağı da artırıb. “Dnevni Avaz” yazır ki, 2026-cı il dünya çempionatına aid “Panini” stikerləri Bosniya və Herseqovina bazarına çıxarılıb. Nəşrin məlumatına görə, yeni kolleksiya turnirin 48 komandalı formatına uyğun olaraq daha geniş həcmdə hazırlanıb.
Yeni klip də məhz bu futbol eyforiyasını əks etdirir. Danışan “Panini” kartları ideyası həm milli komandanın mundial həyəcanını, həm də azarkeşlərin kolleksiya mədəniyyətinə sevgisini yumoristik formada birləşdirir.
Bosniya və Herseqovina 2026-cı il dünya çempionatında “B” qrupunda çıxış edəcək. Komandanın rəqibləri Kanada, Qətər və İsveçrə olacaq.