İspaniya qadın liqası son anda yayımçı tapdı

Mövsümün başlamasına 10 gün qalmış yayımçısız qalan İspaniyanın qadın futbol üzrə Liga F çempionatı DAZN, TVE və TV3 ilə yeni üçillik razılaşma əldə edib.

43

İspaniyanın qadın futbolu üzrə yüksək liqası “Liga F” mövsümün başlamasına cəmi 10 gün qalmış üzləşdiyi yayımçı problemini həll edib. Avqustun 19-da liqa “DAZN”, “TVE” və “TV3”-ə növbəti üç mövsüm üçün yayım hüquqlarının verildiyini rəsmən açıqlayıb.

MSNews.az xəbər verir ki, yeni razılaşmaya əsasən, DAZN” hər turun bütün səkkiz oyununu ödənişli formatda, “TVE” və “3Cat/TV3” isə ümumilikdə dörd qarşılaşmanı açıq efirdə göstərəcək. Beləliklə, hər turdakı oyunların yarısını pulsuz izləmək mümkün olacaq.

Razılaşmadan cəmi bir gün əvvəl vəziyyət xeyli qeyri-müəyyən idi. “AS” yazırdı ki, ilk tenderdə heç bir təklif liqanın müəyyən etdiyi minimum məbləğlərə çatmayıb. Ödənişli yayımda hər turun səkkiz oyunu üçün 5 milyon avro, açıq yayım paketində isə dörd oyun üçün 2 milyon avro minimum qiymət müəyyən edilmişdi. Buna görə ikinci tender mərhələsi açılmış və bu mərhələdə minimum qiymət tələbi aradan qaldırılmışdı.

“DAZN” 2022-ci ildə “Liga F” ilə beş mövsüm üçün təxminən 35 milyon avroluq, yəni ildə təxminən 7 milyon avro dəyərində müqavilə bağlamışdı. Lakin tərəflərin əvvəlki müqaviləsi nəzərdə tutulduğundan bir il tez başa çatdırılıb və liqa 2026/27 mövsümü üçün hüquqları yenidən satışa çıxarıb. “AS” müqavilənin vaxtından əvvəl sona çatdığını təsdiqləsə də, bunun məhz “aşağı rentabellik” səbəbindən baş verdiyi rəsmi şəkildə açıqlanmayıb.

“Liga F”-nin 2026/27 mövsümü 29-30 avqust tarixlərində başlayacaq. Liqanın məlumatına görə, ötən mövsümdə ümumi televiziya auditoriyası 7,5 milyon nəfərə çatıb və əvvəlki mövsümlə müqayisədə 11,2 faiz artıb.