KONDA sorğusu: CHP qərarına dəstək 11 faizdə qaldı

Ertuğrul Özkök KONDA-nın CHP qurultayı ilə bağlı yeni sorğusunu açıqlayıb. Sorğuya görə, Türkiyədə məhkəmə qərarını doğru hesab edənlərin payı cəmi 11 faizdir.

1

Türkiyənin tanınmış jurnalisti Ertuğrul Özkök Cümhuriyyət Xalq Partiyasının 38-ci qurultayı ilə bağlı “mutlak butlan” qərarından sonra keçirilən KONDA sorğusunun nəticələrini açıqlayıb.

“T24” portalında yayımlanan yazısında Özkök bildirib ki, sorğu nəticələri Türkiyə cəmiyyətinin böyük hissəsinin CHP qurultayına məhkəmə müdaxiləsini doğru hesab etmədiyini göstərir. Araşdırmaya əsasən, ölkə üzrə respondentlərin yalnız 11 faizi qərarı doğru sayıb. Sorğu iştirakçılarının 52 faizi qərarı yanlış hesab edib, qalan hissə isə bu məsələdə dəqiq mövqe bildirməyib.

“Karar” yazır ki, Özkök nəticələri Kemal Kılıçdaroğlu üçün ciddi siyasi siqnal kimi qiymətləndirib. Jurnalistin fikrincə, cəmiyyətin böyük hissəsi məhkəmə qərarı ilə Kılıçdaroğlunun yenidən CHP rəhbərliyinə qaytarılmasını legitim siyasi proses kimi qəbul etmir.

Sorğunun diqqətçəkən tərəflərindən biri hakim blok seçicilərinin mövqeyi ilə bağlıdır. Özkökün açıqladığı rəqəmlərə görə, AK Parti seçicilərinin yalnız təxminən üçdə biri bu qərarı doğru hesab edir. MHP seçiciləri arasında isə qərara dəstək daha aşağıdır: hər dörd MHP seçicisindən yalnız biri məhkəmə müdaxiləsini doğru sayır.

CHP-nin 38-ci qurultayı Türkiyə siyasətində mühüm dönüş nöqtələrindən biri olmuşdu. 2023-cü ilin noyabrında keçirilən qurultayda Özgür Özel Kemal Kılıçdaroğlunu geridə qoyaraq partiyanın yeni sədri seçilmişdi. Daha sonra qurultayın nəticələri məhkəmə müstəvisinə daşınmış və “mutlak butlan”, yəni hüquqi baxımdan tam etibarsızlıq məsələsi siyasi gündəmin əsas mövzularından birinə çevrilmişdi.

“Kısa Dalga” mövzu ilə bağlı təhlilində qərarın CHP tarixində və ümumilikdə Türkiyənin çoxpartiyalı siyasi həyatında ciddi nəticələr doğura biləcək addım kimi qiymətləndirildiyini yazır. Məhkəmə qərarının siyasi legitimlik, partiyadaxili iradə və seçici münasibəti baxımından mübahisə yaratdığı bildirilir.

KONDA sorğusunun nəticələri göstərir ki, CHP qurultayı ilə bağlı məhkəmə qərarı yalnız müxalif seçicilər arasında deyil, hakim blokun bir hissəsində də müsbət qarşılanmayıb. Bu isə Kılıçdaroğlunun məhkəmə qərarı ilə partiya rəhbərliyinə qayıtması ehtimalının cəmiyyətin geniş kəsimində siyasi legitimlik problemi ilə üzləşdiyini göstərir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
28 may 2026