Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə yenidən dövlət başçısı vəzifəsinə namizəd ola bilməsi üçün prezident və parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi müzakirə olunur.
MSNews.az xəbər verir ki, Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum 2028-ci ilin mayında keçirilməsi nəzərdə tutulan seçkilərin mart və ya aprel aylarına çəkilə biləcəyini bildirib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Türkiyə Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezidentin ikinci səlahiyyət müddətində parlament növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edərsə, dövlət başçısı bir dəfə də namizəd ola bilər.
Bunun üçün 600 yerlik parlamentdə ən azı 360 deputatın dəstəyi tələb olunur. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) və müttəfiqlərinin səsləri isə bu həddə çatmır. Yayılan hesablamalara görə, hakim düşərgənin 331 səsi olduğu təqdirdə qərarın qəbulu üçün əlavə 29 deputatın dəstəyi lazımdır.
Qeyd edək ki, Ərdoğan 2018 və 2023-cü illərdə prezident seçkilərində qalib gəlib. Mövcud konstitusion qaydalara əsasən, onun növbəti dəfə namizədliyi üçün parlamentin seçkilərin yenilənməsi barədə qərarı əsas hüquqi variantlardan biridir.