Sudan Silahlı Qüvvələri Xartum Beynəlxalq Hava Limanına edilən dron hücumunda Efiopiya və Birləşmiş Ərəb Əmirliklərinin iştirak etdiyini iddia edib.
“Reuters”-in məlumatına görə, hücum paytaxtda bir neçə ay davam edən nisbi sakitliyi pozub və ölkədə 2023-cü ildən bəri davam edən vətəndaş müharibəsində yeni eskalasiya kimi qiymətləndirilir.
Sudan ordusunun sözçüsü briqada generalı Asim Avad Abdelvahab bildirib ki, hökumətin martın 1-dən etibarən bir neçə ştatda həyata keçirilən hücumlarla bağlı sübutları var. Onun sözlərinə görə, dronların Efiopiyanın Bahir Dar hava limanından buraxıldığına dair məlumatlar əldə edilib və martın ortalarında vurulan dronlardan birinin izləri həmin hava limanı və BƏƏ ilə əlaqələndirilib. O, Xartum hava limanına son hücumda istifadə edilən başqa bir dronun da eyni istiqamətdən buraxıldığını iddia edib.
Efiopiya Xarici İşlər Nazirliyi Sudanın ittihamlarını “əsassız” adlandıraraq rədd edib. Əddis-Əbaba Sudan ordusunu Efiopiyanın ərazi bütövlüyünü pozmaqda və ölkəyə qarşı düşmən qüvvələri dəstəkləməkdə günahlandırıb. BƏƏ isə “Reuters”-in sorğusuna dərhal cavab verməyib. Qeyd edək ki, Sudan daha əvvəl də BƏƏ-ni 2023-cü ildən orduya qarşı döyüşən Çevik Dəstək Qüvvələrini — RSF-i dəstəkləməkdə ittiham edib, Əbu-Dabi isə bu iddiaları rədd edib.
Hücumlar Xartumda dövlət qurumlarının, nazirliklərin və beynəlxalq təşkilatların tədricən geri qayıtmağa başladığı bir dövrə təsadüf edib. Sudan ordusu 2025-ci ilin martında paytaxta nəzarəti bərpa etdikdən sonra şəhərdə nisbətən sabitlik yaranmışdı. Xartum hava limanı isə ötən həftə üç ildən sonra ilk beynəlxalq reysi qəbul etmişdi.
Şahidlərin sözlərinə görə, son günlərdə dron hücumları yalnız Xartum hava limanı ilə məhdudlaşmayıb. Xartumun əkiz şəhəri Omdurman, qərbdə Əl-Obeyd, cənubda isə Kenana şəhərləri də hədəfə alınıb. “Emergency Lawyers” adlı fəal qrupun məlumatına görə, şənbə günü Omdurmanın cənubunda mülki avtobusa edilən dron zərbəsi nəticəsində azı 5 nəfər həlak olub.
Nəşr qeyd edir ki, dron müharibəsi Sudan münaqişəsində əsas vasitələrdən birinə çevrilib. 2023-cü ilin aprelində Sudan ordusu ilə ÇDQ arasında başlayan savaş BMT tərəfindən dünyanın ən ağır humanitar böhranlarından biri kimi qiymətləndirilir. Müharibə nəticəsində milyonlarla insan evini tərk edib, ölkənin müxtəlif bölgələrində aclıq, xəstəlik və zorakılıq səbəbindən ağır humanitar vəziyyət yaranıb.
Sudan hökuməti Efiopiya ilə diplomatik gərginliyi də artırıb. Xartum Efiopiyadakı səfirini geri çağırıb. Efiopiya isə ittihamları rədd edərək Sudanın özünün Efiopiyaya qarşı düşmən aktorlara dəstək verdiyini iddia edib.