İranın neft naziri Möhsün Paknejad vəzifəsindən istefa verib. Prezident Məsud Pezeşkian onun istefasını qəbul edib və İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bordu nazirliyin müvəqqəti rəhbəri təyin edib.
MSNews.az xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının kommunikasiya üzrə rəsmisi Mehdi Təbətəbai məlumat verib. “Reuters” yazır ki, Paknejad istefasını şəxsi səbəblərlə əsaslandırıb.
Təbətəbainin sözlərinə görə, keçmiş nazir istefa ərizəsini “uzun müddət əvvəl” təqdim edib və Prezident Pezeşkian Paknejadın israrından sonra onun vəzifədən ayrılmasına razılıq verib.
Pezeşkianın sərəncamı ilə Həmid Bord neft nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək. Bord buna qədər nazir müavini və dövlətə məxsus İran Milli Neft Şirkətinin baş direktoru vəzifəsində çalışıb.
Paknejad 2024-cü ilin avqustundan İranın neft naziri idi. O, həmin vaxt parlamentdə 222 səs toplayaraq hökumətin tərkibinə təsdiqlənmişdi.
“Reuters” qeyd edir ki, istefa İranın enerji sektorunun ABŞ sanksiyaları və regiondakı müharibənin iqtisadi təsirləri ilə üzləşdiyi bir dövrə təsadüf edir. Bununla belə, İran tərəfi Paknejadın istefasının səbəbini məhz şəxsi amillərlə izah edib.