Monakoda ukraynalı multimilyonçu Vadim Yermolayevə qarşı bombalı hücumda şübhəli bilinən qadının meyiti Kiyev yaxınlığında aşkarlanıb.
MSNews.az xəbər verir ki, bu barədə “Ukrainska Pravda” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. “Reuters“-in həmin nəşrə istinadən yaydığı məlumata görə, söhbət Monakoda Yermolayevə qarşı hücumun əsas şübhəlilərindən biri kimi göstərilən 39 yaşlı Ukrayna vətəndaşı Anastasiya Berezovskadan gedir. Onun güllələnmiş halda tapıldığı bildirilir.

İstintaq versiyasına görə, Berezovska Ukraynaya qayıtdıqdan qısa müddət sonra öldürülüb. Mənbələrin iddiasına əsasən, məqsəd şahidi aradan qaldırmaq və cinayətin sifarişçilərinə aparan izləri gizlətmək ola bilər. Ukrayna polisi və kəşfiyyat qurumları hələlik bu məlumatı rəsmi şəkildə şərh etməyib.
Monakoda partlayış iyunun sonunda baş verib. Hadisə nəticəsində ukraynalı iş adamı Vadim Yermolayev, onun yaxın çevrəsindən olan qadın və azyaşlı uşaq yaralanıb. Monako hakimiyyəti hücumu məqsədli sui-qəsd cəhdi kimi araşdırırdı və Interpol Berezovska barəsində “qırmızı bildiriş” yayımlamışdı. O, qəsdən adam öldürməyə cəhd, ictimai yerdə partlayıcı qurğu yerləşdirmə və cinayətkar sövdələşmə ittihamları ilə axtarılırdı.
Məlumata görə, Berezovska hücumdan əvvəl kişi kimi maskalanaraq Yermolayevi izləyib və binanın girişinə partlayıcı qurğu qoyub. Daha sonra partlayıcı məsafədən işə salınıb. Monako rəsmiləri onun hücumdan sonra Fransa üzərindən qaçdığını, daha sonra digər Avropa ölkələrindən keçərək Almaniyaya getdiyini bildirirdilər.
İş üzrə artıq iki nəfərin saxlanıldığı bildirilir. “Reuters”-in məlumatına görə, saxlanılanlardan biri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin — HUR-un fəaliyyətdə olan zabiti, digəri isə keçmiş hüquq-mühafizə əməkdaşıdır. Onların cinayətdə hansı rolu oynadığı hələlik rəsmi şəkildə açıqlanmayıb.
Vadim Yermolayev Ukrayna əsilli biznesmen kimi tanınır. O, Ukraynanın 2023-cü ildə sanksiya tətbiq etdiyi şəxslərdən biridir və Kiyev onun Rusiya tərəfindən işğal olunmuş Krımda biznes fəaliyyəti ilə bağlı əlaqələrini əsas gətirmişdi. Yermolayev 2019-cu ildə Kipr vətəndaşlığı alıb.