Rusiyada uşaqların 12 yaşından işləməsi təklif olundu

Moskva üzrə uşaq hüquqları müvəkkili Olqa Yaroslavskaya Rusiyada uşaqların 12 yaşından yüngül işlərdə çalışmasına icazə verilməsini təklif edib.

20

Rusiyada uşaqların 12 yaşından etibarən yüngül işlərdə çalışmasına icazə verilməsi təklif edilib.

“RIA Novosti” xəbər verir ki, bu təşəbbüslə Moskva üzrə uşaq hüquqları müvəkkili Olqa Yaroslavskaya çıxış edib. O, federal əmək qanunvericiliyinə yenidən baxılmasının vacib olduğunu bildirib.

Yaroslavskaya “Uşaqların yay tətili dövründə təhlükəsizliyi” mövzusunda keçirilən mətbuat konfransında deyib ki, 12 yaşından başlayaraq bir çox yeniyetmə yay aylarında işləmək istəyir. Onun sözlərinə görə, Moskva yeniyetmələri həm məşğul olmaq, həm də bunun qarşılığında pul qazanmaq istəyirlər, lakin mövcud qanunvericilik bu imkanı bütün arzu edənlər üçün yaratmağa imkan vermir.

“Forbes Russia” də yazır ki, Yaroslavskaya uşaqlar üçün əmək bazarına çıxış yaşının 12-yə endirilməsini təklif edib. Məsələ hələlik yalnız təşəbbüs səviyyəsindədir və qanunvericiliyə dəyişiklik qəbul olunmayıb.

Hazırda Rusiya Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi ümumi qaydada 16 yaşından bağlana bilər. “ConsultantPlus” məlumat bazasında dərc edilən 63-cü maddəyə görə, 15 yaşına çatmış şəxslər ümumi təhsil aldıqdan sonra və ya təhsili davam etdirməklə sağlamlığa zərər vurmayan yüngül işlərdə çalışa bilərlər. 14 yaşlı yeniyetmələrin isə yalnız valideynin və ya qəyyumun yazılı razılığı ilə, təhsilə və sağlamlığa zərər vurmayan yüngül işlərdə işləməsinə icazə verilir.

Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin “Onlayn İnspeksiya” portalında da qeyd olunur ki, yetkinlik yaşına çatmayanların əməyinə xüsusi məhdudiyyətlər tətbiq edilir. Onların zərərli və təhlükəli işlərə cəlb olunması qadağandır, həmçinin iş vaxtı, tibbi müayinələr və əmək şəraiti ilə bağlı xüsusi tələblər mövcuddur.

Beləliklə, Yaroslavskayanın təklifi qəbul edilərsə, Rusiyada yeniyetmələrin əmək bazarına çıxış yaşı daha da aşağı salına bilər. Lakin bunun üçün federal əmək qanunvericiliyində ayrıca dəyişikliklərin edilməsi tələb olunur.