“Deutsche Bank” İran ətrafında davam edən müharibənin dünya enerji bazarlarına, inflyasiyaya və ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasətinə mümkün təsiri ilə bağlı ssenari təhlili hazırlayıb. Bankın qiymətləndirməsinə görə, əsas risk neft qiymətlərinin yüksək qalması və bunun ABŞ-da inflyasiya gözləntilərini yenidən gücləndirməsidir. Deutsche Bank daha əvvəl İran şokunun əsas ötürülmə kanalları kimi geosiyasi qeyri-müəyyənliyi, enerji inflyasiyasını, inflyasiya gözləntilərini və təchizat zənciri risklərini göstərmişdi.
Təhlilin mərkəzində WTI və Brent markalı neftin bahalaşmasının ABŞ iqtisadiyyatına təsiri dayanır. “Reuters” yazır ki, İran müharibəsi fonunda neft qiymətlərinin kəskin artması ABŞ-da inflyasiya risklərini yüksəldib və bazarların FED-in faiz endirimləri ilə bağlı gözləntilərini azaldıb. 2026-cı ilin əvvəlində bazarlar il ərzində iki-üç faiz endirimi gözlədiyi halda, martdan sonra bu gözlənti təxminən bir endirimə qədər azalıb.
Birinci ssenari gərginliyin azalması və razılaşmanın əldə olunması ilə bağlıdır. Bu halda Hörmüz boğazı ətrafında risklərin yumşalması, neft qiymətlərinin tədricən sabitləşməsi və FED üzərində əlavə sərtləşmə təzyiqinin azalması gözlənilir. Reuters-in bazar şərhinə görə, neft qiymətlərinin həlledici şəkildə aşağı düşməsi üçün əsas amillərdən biri məhz Hörmüz boğazında normal gəmiçiliyin bərpasıdır.
İkinci ssenari razılaşma olmadan uzanan hərbi-siyasi dalana dirənmiş vəziyyəti nəzərdə tutur. Bu variantda neft qiymətləri yüksək qalır, yanacaq və enerji xərcləri inflyasiya üzərində təzyiqi artırır, FED isə faizləri azaltmaq imkanını itirə və hətta 2026-cı ildə faiz artımı riskini nəzərdən keçirməli ola bilər. Reuters-in təhlilində qeyd olunur ki, Brent və WTI qiymətləri 100 dollar ətrafında qalsa və ya daha da bahalaşsa, bazarların FED-in sərt mövqeyini qiymətlərə daxil etməsi əsaslı görünə bilər.
Üçüncü ssenari münaqişənin daha da genişlənməsi və neft bazarında daha dərin şokla bağlıdır. Bu halda enerji qiymətləri eyni anda həm inflyasiyanı gücləndirə, həm də iqtisadi artımı zəiflədə bilər. Belə vəziyyət FED üçün klassik dilemma yaradır: inflyasiyanı cilovlamaq üçün faizləri artırmaq, yoxsa iqtisadiyyatı dəstəkləmək üçün onları azaltmaq. Çikaqo FED rəhbəri Austan Qulsbi də son çıxışında neft qiymətlərindən gələn təchizat şokunun inflyasiya problemini daha da mürəkkəbləşdirə biləcəyini bildirib.
“Deutsche Bank”-ın təhlilində neft şokunun təkcə yanacaq qiymətlərinə deyil, daha geniş iqtisadi gözləntilərə təsir etdiyi vurğulanır. Enerji xərclərinin yüksək qalması istehsal, nəqliyyat, ərzaq və logistika xərclərini artırır, bu isə inflyasiyanın daha uzun müddət yüksək qalması riskini yaradır. “Yahoo Finance”-ın “Deutsche Bank”-ın qrafiklərinə istinadən yaydığı materialda da İran müharibəsindən doğan neft şokunun ABŞ iqtisadiyyatı və FED siyasəti üçün əsas risklərdən biri olduğu qeyd olunur.
Beləliklə, “Deutsche Bank” üçün əsas sual neftin bahalaşmasının nə qədər davam edəcəyidir. Əgər gərginlik qısa müddətdə azalarsa, bazarlar və FED üçün təzyiq zəifləyə bilər. Lakin müharibə uzanarsa və enerji qiymətləri yüksək səviyyədə qalarsa, ABŞ iqtisadiyyatı eyni anda həm inflyasiya, həm də zəif artım riski ilə üzləşə bilər.