ABŞ administrasiyası NATO-nun Avropadakı müdafiəsi üçün ayrılan hərbi qüvvə və texnika həcmini ciddi şəkildə azaltmağı planlaşdırır.
“Reuters” Almaniyanın “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, Vaşinqton alyansın böhran zamanı istifadə edə biləcəyi strateji bombardmançılar, qırıcılar, hərbi gəmilər və havada yanacaq doldurma imkanları üzrə töhfəsini azaltmaq niyyətindədir.
Məlumata görə, Pentaqon rəsmisi Aleksander Veles-Qrin ötən həftə Brüsseldə NATO rəsmiləri ilə qapalı görüşdə ABŞ-ın alyansın qüvvə modelinə töhfəsini azaldacaq təklifləri təqdim edib. “Spiegel”-in məlumatında ABŞ-ın qırıcı təyyarələr üzrə töhfəsinin təxminən üçdə bir azaldılmasının, strateji bombardmançıların sayının isə ciddi şəkildə ixtisar edilməsinin müzakirə olunduğu bildirilir.
Planlara əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin NATO üçün ayıracağı imkanlar da məhdudlaşdırıla bilər. Vaşinqton alyansa daha az esmines təqdim etməyi, sualtı qayıqlar üzrə töhfəni isə tamamilə dayandırmağı nəzərdən keçirir. Avropa ölkələrindən isə kəşfiyyat PUA-ları və digər adi müdafiə imkanları üzrə boşluğu öz resursları hesabına doldurmaq tələb oluna bilər.
Avropalı diplomatlar təklif olunan ixtisarların miqyasından təəccübləndiklərini bildiriblər. Vaşinqtonun bu addımını Avropa müttəfiqlərinə müdafiə məsuliyyətinin daha böyük hissəsini öz üzərlərinə götürmək üçün təzyiq kimi qiymətləndirir.
ABŞ tərəfi bu dəyişiklikləri Avropanın öz müdafiə qabiliyyətini artırması və Vaşinqtonun resurslarını digər prioritetlərə, xüsusilə Hind-Sakit okean regionunda Çinə qarşı çəkindirməyə yönəltməsi zərurəti ilə əsaslandırır. “Wall Street Journal” da yazır ki, Pentaqon böhran zamanı NATO-ya ayrılan ABŞ qüvvələrinin bir hissəsini azaltmaqla müttəfiqləri daha çox məsuliyyət götürməyə məcbur edir.
NATO isə ABŞ-ın rolunun dəyişməsi fonunda alyans daxilində yeni yük bölgüsünün mümkün olduğunu etiraf edir. Alyans rəsmiləri Avropa ölkələri və Kanadanın müdafiə xərclərini artırmasının gələcəkdə NATO qüvvə modelində daha fərqli bölgü yarada biləcəyini bildiriblər. Əlavə detalların iyunun əvvəlində keçiriləcək qüvvə formalaşdırma konfransında müzakirə olunacağı gözlənilir.
Hələlik ixtisarların nə vaxt və hansı mərhələlərlə həyata keçiriləcəyi tam aydın deyil. Bununla belə, təkliflər təsdiqlənərsə, NATO-nun Avropadakı müdafiə planlarında ABŞ-dan asılılığın azalması və Avropa ölkələrinin hava, dəniz və kəşfiyyat imkanlarını sürətlə artırması zəruri olacaq.