ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını ölkənin avtomobil və dəmir yolu sənayesinə qədər genişləndirib. Yeni sanksiyalar İranın iri sənaye və nəqliyyat şirkətləri ilə yanaşı, onların xaricdəki təchizatçılarını və Tehranla əlaqəli olduğu bildirilən alternativ maliyyə kanallarını da hədəfə alıb.
MSNews.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi yeni tədbirləri “Operation Economic Outcast” əməliyyatının tərkib hissəsi kimi təqdim edib. Vaşinqtonun açıqlamasına görə, məqsəd İranın gəlir və logistika imkanlarını, eləcə də sanksiyalardan yayınmaq üçün istifadə etdiyi kanalları məhdudlaşdırmaqdır.
OFAC İranın avtomobil və dəmir yolu sektorları ilə bağlı iki yeni sektoral qərar qəbul edib. Bu qərarlar ABŞ-a həmin sahələrdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etmək imkanı verir.
Sanksiyalara İran avtomobil bazarının 90 faizindən çoxuna nəzarət etdiyi bildirilən “Iran Khodro Company” (IKCO) və SAIPA, həmçinin İranın dövlət dəmir yolu şirkəti, “Raja Passenger Trains Company” və iri yükdaşıma operatorlarından biri daxil edilib.
Vaşinqton bununla kifayətlənməyərək İran avtomobil sənayesinə komponent tədarük etdiyi bildirilən Türkiyə, BƏƏ, İndoneziya və Honkonq şirkətlərinə də sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bu şirkətlərin İran sənayesinin xarici təchizat kanallarının saxlanmasına kömək etdiyini iddia edir.
Yeni tədbirlərin digər istiqaməti metallurgiya və istehsal şəbəkələridir. ABŞ Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, metallurgiya neftdən sonra İranın ən mühüm ixrac gəliri mənbələrindən biridir və buna görə Vaşinqton bu sahədə fəaliyyət göstərən şirkət və vasitəçiləri də hədəfə alır.
Eyni gündə ABŞ A7 şəbəkəsinə qarşı ayrıca geniş sanksiyalar elan edib. Maliyyə Nazirliyi A7-ni Rusiya ilə əlaqəli “kölgə bankçılığı şəbəkəsi” adlandıraraq onun İranın sanksiyalardan yayınmasına yardım etdiyini iddia edib. OFAC A7-ni “əhəmiyyətli transmilli cinayət təşkilatı” kimi sanksiya siyahısına daxil edib, FinCEN isə şəbəkə ilə bağlı maliyyə əməliyyatlarının məhdudlaşdırılmasına yönəlmiş əlavə addımlar açıqlayıb.
A7 isə ABŞ-ın ittihamlarını rədd edib. Şirkət İran və terror təşkilatları ilə əlaqəsinin olmadığını, fəaliyyətinin qanuni ticarət əməliyyatlarına xidmət etdiyini bildirib.