“Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka Rusiya ilə Ermənistan arasındakı münasibətləri “böyük ailə”dəki əlaqələrlə müqayisə edərək hazırkı münasibətləri normal qiymətləndirib.
MSNews.az xəbər verir ki, Çayka sentyabrın 8-də Moskva ilə İrəvan arasındakı münasibətlərin hazırkı vəziyyətini şərh edərkən bu fikri səsləndirib.
“Normal münasibətlərdir. Böyük bir ailədə olduğu kimi, müxtəlif hallar olur”, — deyə o bildirib.
Açıqlamanı TASS-a istinadən “Sputnik Ermənistan” və “NEWS.am” yayıb.
Çaykanın açıqlaması Rusiya-Ermənistan münasibətlərində gələcək siyasi və iqtisadi kursun müzakirə edildiyi dövrə təsadüf edir. Sentyabrın 1-də Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə tərəflər xüsusilə Ermənistanın Avropa İttifaqına yaxınlaşması və ölkənin Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünü müzakirə ediblər.
Putin həmin görüşdə Ermənistanın Aİ-yə inteqrasiya istiqamətini seçməsini ölkənin suveren hüququ adlandırsa da, bunun Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı iqtisadi çətinliklər yaradacağını bildirib. Paşinyan isə Aİ ilə yaxınlaşma prosesinin Rusiyaya və ya Aİİ-yə qarşı yönəlmədiyini, İrəvanın Moskva ilə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.