Stefanik ABŞ kəşfiyyat rəhbərliyinə namizəd kimi gündəmə gəldi

Tulsi Qabbardın istefasından sonra senator Cim Benks Nyu-Yorkdan konqresvumen Elise Stefaniki ABŞ Milli Kəşfiyyat direktoru postuna mümkün namizəd kimi təklif edib.

ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın istefa verəcəyini açıqlamasından sonra Nyu-Yorkdan respublikaçı konqresvumen Elise Stefanikin bu vəzifəyə gətirilməsi təklifi gündəmə gəlib. Qabbard istefasının iyunun 30-da qüvvəyə minəcəyini bildirib və qərarını həyat yoldaşının nadir sümük xərçəngi diaqnozu alması ilə izah edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq müavini, keçmiş CIA əməkdaşı Aaron Lukas icra edəcək.

Stefanikin namizədliyini Trampa yaxın senatorlardan Cim Benks gündəmə gətirib. “Washington Examiner” yazır ki, Benks Stefaniki Qabbardın yerinə “əla əvəzləyici” adlandırıb və onun Senatda asanlıqla təsdiqlənə biləcəyini bildirib. Bununla belə, Ağ Ev Stefaniki Milli Kəşfiyyat direktoru postuna rəsmi namizəd kimi hələ elan etməyib.

Elise Stefanik son illərdə ABŞ siyasətində İsrailin ən sərt müdafiəçilərindən biri kimi tanınıb. O, 2024-cü ildə İsrail Knessetində çıxışı zamanı ABŞ-ın İsrailə “lazım olanı, lazım olduğu vaxtda və heç bir şərtsiz” verməli olduğunu demişdi. NPR həmin çıxışı Stefanikin HƏMAS-a qarşı “tam qələbə” çağırışı kimi təqdim etmişdi.

Stefanik həmçinin BMT-ni İsrailə qarşı qərəzli mövqedə ittiham edən siyasətçilərdəndir. 2025-ci ildə ABŞ-ın BMT-dəki səfiri postuna namizədliyi üzrə dinləmədə o, BMT-ni “antisemit” adlandırmış, ABŞ-ın beynəlxalq təşkilatlara maliyyə ayırmalarını yenidən nəzərdən keçirməyə çağırmışdı. Stefanik həmin dinləmədə Tramp administrasiyasının “America First” xəttini və BMT-də İsrailə qarşı qərəzlə mübarizə aparacağını vurğulamışdı.

Onun İsrailə açıq dəstəyi kampaniya maliyyələşməsi mövzusunu da yenidən gündəmə gətirib. “Glens Falls Chronicle”-ın kampaniya maliyyəsi hesabatlarına əsaslanan məlumatına görə, 2023-cü ilin dördüncü rübündə Stefanikin kampaniyasına pro-İsrail siyasi komitələri vasitəsilə ciddi maliyyə dəstəyi yönəldilib; AIPAC həmin dövrdə onun kampaniyasına 90-dan çox fərdi ianə paylayıb, Respublikaçı Yəhudi Komitəsi isə ayrıca dəstək verib.

Əgər Stefanikin namizədliyi rəsmi şəkildə irəli sürülərsə, bu, ABŞ kəşfiyyat icmasının rəhbərliyində daha sərt İsrail yönümlü və İran əleyhinə xəttin güclənməsi kimi qiymətləndirilə bilər. Lakin hazırda məsələ yalnız senator Benksin siyasi təklifi səviyyəsindədir və yekun qərar Tramp administrasiyasından asılı olacaq.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.