İran “İslam NATO-su” yaratmaq çağırışı edib

İranın daxili işlər nazirinin xüsusi köməkçisi Məhəmməd Həsən Nami 57 müsəlman ölkəsinin iştirakı ilə “İslam NATO-su”nun yaradılmasını təklif edib.

30

İranın daxili işlər nazirinin xüsusi köməkçisi Məhəmməd Həsən Nami müsəlman ölkələrini birləşdirəcək “İslam NATO-su”nun yaradılmasını təklif edib. Bu barədə “Iran International” məlumat yayıb. Nami bildirib ki, İslam dünyası vahid hərbi-siyasi və iqtisadi mexanizm ətrafında birləşərsə, qlobal miqyasda ciddi güc mərkəzinə çevrilə bilər. 

İranlı rəsminin sözlərinə görə, təxminən 57 İslam ölkəsinin birgə potensialı enerji resursları, iqtisadi imkanlar və strateji coğrafi mövqe baxımından böyük üstünlük yaradır. Nami xüsusilə Hörmüz boğazıBab əl-Məndəb kimi strateji dəniz keçidlərini bu potensialın əsas elementləri sırasında göstərib.

İranın Fars” agentliyinin məlumatına görə, Nami “İslam NATO-su”nun İranın mərkəzi rolu ilə formalaşmasının vacibliyini vurğulayıb. O bildirib ki, belə bir birlik yaranarsa, “heç bir fövqəlregional güc İslam dünyasına təzyiq göstərə bilməz”.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının rəsmi məlumatına əsasən, qurum 57 üzv dövləti birləşdirir və BMT-dən sonra dünyada ikinci ən böyük hökumətlərarası təşkilat hesab olunur. Bununla belə, Namının “İslam NATO-su” təklifi hazırda hər hansı rəsmi beynəlxalq razılaşma və ya praktiki mexanizm kimi deyil, siyasi təşəbbüs kimi qiymətləndirilir.

Təklif regionda Hörmüz boğazı ətrafında gərginliyin artdığı dövrdə səsləndirilib. Son həftələrdə İran rəsmiləri boğazın təhlükəsizliyi və dəniz nəqliyyatı ilə bağlı müxtəlif mexanizmlərin müzakirə olunduğunu bildiriblər. Hörmüz boğazı qlobal enerji daşımaları üçün strateji keçidlərdən biri sayılır.