ABŞ Prezidenti Donald Tramp Nyu-Cersidə keçirməyi planlaşdırdığı həftəsonu istirahətini ləğv edərək Ağ Evə qayıdıb. “CBS News”-un məlumatına görə, Tramp həftəsonunu Nyu-Cersidəki qolf klubunda keçirməli idi, lakin “hökumətlə bağlı vəziyyət” səbəbindən Vaşinqtona dönüb. Nəşr bu qərarın ABŞ administrasiyasının İrana qarşı mümkün yeni hərbi zərbələrə hazırlaşdığı bir vaxta təsadüf etdiyini yazır.
CBS mənbələrə istinadən bildirir ki, ABŞ hərbi və kəşfiyyat icmasının bəzi üzvləri də mümkün zərbələr fonunda həftəsonu planlarını ləğv ediblər. Müdafiə və kəşfiyyat rəsmiləri xaricdəki ABŞ obyektləri üzrə çağırış siyahılarını yeniləməyə başlayıblar. Bununla belə, cümə günü günortaya olan məlumata görə, İrana yeni zərbələr barədə yekun qərar qəbul edilməyib.
“Axios”-un məlumatına görə, Tramp cümə günü İran məsələsini müzakirə etmək üçün milli təhlükəsizlik üzrə yüksək səviyyəli müşavirləri ilə görüş keçirib. Görüşdə vitse-prezident Cey Di Vens, müdafiə naziri Pit Heqset, MKİ direktoru Con Retkliff, Ağ Ev aparat rəhbəri Süzi Uayls və digər rəsmilər iştirak ediblər.
Nəşr yazır ki, Tramp danışıqlarda son anda irəliləyiş əldə olunmayacağı halda İrana qarşı yeni zərbələr endirməyi ciddi şəkildə nəzərdən keçirir. Mənbələrin sözlərinə görə, ABŞ prezidenti son günlər Tehranla aparılan danışıqların ləng getməsindən narazıdır. ABŞ rəsmilərindən biri diplomatik prosesi “əzablı” adlandırıb və bildirib ki, razılaşma layihələri hər gün tərəflər arasında gedib-gəlir, lakin hələlik ciddi irəliləyiş yoxdur.
Məlumata görə, Tramp çərşənbə axşamı İsrailin Baş naziri Benyamin Netanyahuya diplomatiyaya daha bir şans vermək istədiyini deyib. Lakin “Axios”-un mənbələri bildirirlər ki, cümə axşamı axşamına doğru o, hərbi zərbə variantına daha çox meyl etməyə başlayıb.
Ağ Ev sözçüsü Anna Kelli CBS-ə bildirib ki, Trampın “qırmızı xətləri” dəyişməyib: İran nüvə silahına malik olmamalı və zənginləşdirilmiş uranı əlində saxlamamalıdır. Onun sözlərinə görə, Pentaqon prezidentin verə biləcəyi istənilən qərarı icra etməyə hazır olmalıdır.
Diplomatik səylər isə hələ davam edir. “The Guardian” yazır ki, Qətər vasitəçiləri Tehrana göndərib, Pakistan ordusunun rəhbəri feldmarşal Asim Munir də danışıqlarda rol alır. Müzakirələrin əsas mövzuları sırasında Hörmüz boğazının açılması, sanksiyalar, İranın dondurulmuş aktivləri və nüvə proqramı ilə bağlı sonrakı danışıqlar var.