ABŞ Ədliyyə Nazirliyi Kubanın sabiq prezidenti, Kuba inqilabının liderlərindən biri Raul Modesto Kastro Ruza qarşı cinayət ittihamlarının açıqlandığını bəyan edib. İttihamlar 1996-cı il fevralın 24-də “Brothers to the Rescue” — “Xilas naminə qardaşlar” təşkilatına məxsus iki silahsız mülki təyyarənin Kuba qırıcıları tərəfindən vurulması ilə bağlıdır. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Kastro ilə yanaşı daha beş Kuba hərbi nümayəndəsi də eyni iş üzrə ittiham olunur.
İttiham aktında Raul Kastro ABŞ vətəndaşlarının öldürülməsi üçün sui-qəsd, iki təyyarənin məhv edilməsi və dörd qətl epizodu üzrə təqsirləndirilir. ABŞ tərəfi bildirir ki, həmin vaxt Kuba müdafiə naziri olan Raul Kastronun komandanlığı altında Kuba hərbi təyyarələri iki silahsız “Cessna” təyyarəsinə xəbərdarlıq etmədən raket zərbəsi endirib və nəticədə dörd nəfər həlak olub. Ədliyyə Nazirliyi hadisənin Kuba ərazisindən kənarda, beynəlxalq sularda baş verdiyini iddia edir.
ABŞ baş prokurorunun vəzifəsini icra edən Todd Blanş bildirib ki, Vaşinqton “amerikalıların öldürülməsinə görə məsuliyyət daşıyanları” cəlb etmək niyyətindədir. Nazirliyin açıqlamasında qeyd olunur ki, təqsirləndirilən şəxslər məhkəmədə günahkar bilinərsə, qətl və ABŞ vətəndaşlarının öldürülməsi üçün sui-qəsd maddələri üzrə onları ölüm hökmü və ya ömürlük həbs cəzası gözləyə bilər. Bununla belə, Ədliyyə Nazirliyi xüsusi olaraq vurğulayır ki, ittiham aktı hələ yalnız iddiadır və bütün təqsirləndirilən şəxslər məhkəmədə günahları sübut olunana qədər günahsız sayılırlar.
İşin əsasında duran hadisə 1996-cı ildə Florida boğazı üzərində baş verib. “Brothers to the Rescue” təşkilatı Mayamidə fəaliyyət göstərən kubalı mühacirlərin qurumu idi və rəsmi olaraq dənizdə təhlükədə olan kubalı miqrantları axtarmaq məqsədi ilə uçuşlar həyata keçirirdi. Kuba tərəfi isə həmin uçuşları təxribat kimi qiymətləndirir, təşkilatı Kuba hava məkanını pozmaqda və ölkə ərazisinə vərəqələr atmaqda ittiham edirdi. Havana təyyarələrin Kuba hava məkanını pozduğunu və buna görə özünü müdafiə etdiyini bildirir, ABŞ prokurorları isə təyyarələrin beynəlxalq hava məkanında vurulduğunu iddia edirlər.
Kuba Prezidenti Migel Dias-Kanel ittihamları siyasi manevr adlandırıb. O, Vaşinqtonu hadisələri manipulyasiya etməkdə və bu addımdan Kubaya qarşı mümkün hərbi təcavüzə bəraət qazandırmaq üçün istifadə etməkdə günahlandırıb.
Rusiya da ABŞ-ın addımına reaksiya verib. Rusiya Federasiyasının Havanadakı səfiri Viktor Koronelli bildirib ki, Raul Kastroya qarşı ittihamlar Vaşinqtonun Kubaya təzyiqləri artırmaq siyasətinin bir hissəsidir. Onun sözlərinə görə, bu qərar ABŞ-ın ada ətrafında gərginliyi yüksəltmək üçün bəhanələr axtardığını göstərir.
Moskva həmçinin Kubaya dəstəyini davam etdirəcəyini açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ı Kubaya qarşı “qorxutma, sanksiyalar, təhdid və şantaj” siyasəti aparmaqda ittiham edib və Rusiyanın “qardaş Kuba xalqına” dəstək göstərəcəyini bildirib.
Donald Tramp jurnalistlərə açıqlamasında Kuba ilə eskalasiyaya ehtiyac olmadığını bildirib, lakin eyni zamanda adadakı vəziyyətin “dağıldığını” deyib. Eyni mənbənin məlumatına görə, ABŞ Cənub Komandanlığı “Nimitz” aviadaşıyıcısı və onu müşayiət edən gəmilərin Cənubi Karib dənizinə daxil olduğunu təsdiqləyib.