ABŞ Senatındakı demokratlardan Tramp administrasiyasına “Epşteyn materiallarını açıqlayın” çağırışı

ABŞ Senatındakı demokratlar Tramp administrasiyasına Epşteyn materiallarının tam açıqlanması üçün təzyiq göstərir. Çak Şumer Ədliyyə Nazirliyini şəffaflığa çağırıb.

ABŞ Senatında azlıq lideri olan demokrat senator Çak Şumer Donald Tramp administrasiyasına təzyiq göstərərək, milyarder Ceffri Epşteynlə bağlı bütün istintaq materiallarının ictimaiyyətə açıqlanmasını tələb edib. Şumer bu çağırışı ABŞ Ədliyyə Nazirliyinə ünvanlayıb.

Senatın Baş Assambleyasında çıxış edən Çak Şumer Ədliyyə naziri Pam Bondi və nazirliyin rəhbərliyini tənqid edərək, Konqres tərəfindən qəbul edilən “Epşteyn Materialları üzrə Şəffaflıq Qanunu”nun icrasının gecikdirildiyini bildirib. O vurğulayıb ki, artıq Epşteynlə bağlı bütün sənədlərin gizli saxlanılması üçün heç bir əsas yoxdur və cəmiyyət həqiqətləri bilməlidir.

Şumer qeyd edib ki, Donald Tramp Epşteyn materiallarını açıqlayacağına dair vəd versə də, bu vəd indiyədək yerinə yetirilməyib. Senatorun sözlərinə görə, məsələ partiyalararası mübahisə deyil, şəffaflıq və hesabatlılıq məsələsidir. O bildirib ki, bu mövzu demokratlarla respublikaçılar arasında siyasi qarşıdurma yox, həqiqəti öyrənmək istəyənlərlə ictimaiyyəti aldatmaqda davam edənlər arasında seçimdir.

Xatırladaq ki, “Epşteyn Materialları üzrə Şəffaflıq Qanunu” ABŞ Prezidenti Donald Tramp tərəfindən 19 noyabr tarixində imzalanaraq qüvvəyə minib. Qanuna əsasən, ABŞ Ədliyyə Nazirliyinə bütün müvafiq sənədləri ictimaiyyətin istifadəsinə açmaq üçün bir aylıq müddət verilib və bu müddət 19 dekabrda başa çatır.

Ceffri Epşteyn yetkinlik yaşına çatmayan, ən kiçiyi 14 yaşında olan onlarla qız uşağına qarşı cinsi istismar və fühuş şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən, 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropoliten Həbsxanasında saxlanıldığı kamerada ölü tapılmışdı. Hadisə uzun müddət cəmiyyətdə və mediada mübahisələrə səbəb olmuşdu.

Açıqlanan məhkəmə materiallarında Böyük Britaniya şahzadəsi Endryu, ABŞ Prezidenti Donald Tramp, keçmiş prezident Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüziya ustası Devid Koperfild, hüquqşünas Alan Derşovits və keçmiş Nyu-Meksiko qubernatoru Bill Riçardson kimi tanınmış şəxslərin adları yer almışdı.

ABŞ Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyinin birgə araşdırması nəticəsində Epşteynin məşhur şəxslərdən ibarət “müştəri siyahısı” saxladığına dair sübut tapılmadığı bildirilib. Rəsmi qurumlar onun kamerada intihar etdiyi qənaətinə gəlib. Bununla yanaşı, amerikalı jurnalist Taker Karlson Epşteynin İsrail üçün çalışdığı və Vaşinqtonda bir çox şəxsin bunu bildiyi, lakin açıq şəkildə dilə gətirmədiyi iddiasını irəli sürüb.

“Wall Street Journal” qəzeti isə Epşteynin sevgilisi Gilseyn Maksvellin onun 50 illik yubileyi münasibətilə tanışlarından təbrik məktubları istədiyini və həmin məktublardan birinin Donald Trampa aid olduğunu iddia edib.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.