UEFA kişi milli komandaları üçün yarış formatında ciddi dəyişikliklərə gedir. Qurumun İcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında qəbul edilən qərara əsasən, yeni sistem AVRO-2028-dən sonra tətbiq olunacaq. UEFA-nın rəsmi açıqlamasında bildirilir ki, dəyişikliklər həm Millətlər Liqası, həm də Avropa çempionatı və dünya çempionatlarının seçmə mərhələləri üçün nəzərdə tutulub.
Yeni sistemə əsasən, Millətlər Liqası 2028/29 mövsümündən etibarən hazırkı dörd liqa formatından çıxarılaraq hərəsində 18 komanda olan üç liqaya bölünəcək. Hər liqada üç qrup olacaq və komandalar beş fərqli rəqibə qarşı ümumilikdə altı oyun keçirəcəklər. 55 milli komandanın iştirakı nəzərə alınaraq, “C” Liqasında qruplardan biri 7 komandadan ibarət olacaq və həmin qrupun oyunları bir pəncərə daha tez başlayacaq.
UEFA bildirib ki, Millətlər Liqasında 1/4 final mərhələsi, “Final Four” və yüksəlmə/düşmə pley-offları saxlanılacaq. Yəni əsas dəyişiklik liqaların və qrupların strukturunda olacaq, turnirin həlledici mərhələləri isə əvvəlki kimi davam edəcək.
Avropa seçmə mərhələsi də yeni çoxsəviyyəli sistemlə keçiriləcək. Seçmə mərhələdə 1-ci Liqa Millətlər Liqasının “A” və “B” divizionlarından gələn 36 komandadan ibarət olacaq. 2-ci Liqa isə qalan 18 və ya 19 milli komandanı əhatə edəcək. 1-ci Liqada komandalar üç səbətə bölünəcək, hər komanda altı fərqli rəqiblə altı oyun keçirəcək. Bu sistem UEFA-nın klub turnirlərində tətbiq etdiyi yeni formatla oxşar olacaq.
Ev sahibi ölkələr final mərhələsinə avtomatik vəsiqə qazansalar da, onlar da seçmə mərhələdə iştirak edəcəklər. UEFA-nın izahına görə, bu iştirak həmin komandaların növbəti Millətlər Liqasındakı mövqeyinin müəyyənləşdirilməsi ilə bağlı olacaq. 1-ci Liqanın qruplarında ən yaxşı nəticə göstərən komandalar birbaşa final mərhələsinə vəsiqə əldə edəcək, qalan yerlər isə pley-off sistemi vasitəsilə bölüşdürüləcək. UEFA bildirir ki, bu mexanizm 2-ci Liqa komandalarına da ədalətli kvalifikasiya şansı verməlidir.
UEFA prezidenti Aleksander Çeferin bildirib ki, yeni formatlar rəqabət balansını yaxşılaşdıracaq, turnir baxımından əhəmiyyətini itirmiş oyunların sayını azaldacaq və azarkeşlər üçün daha dinamik yarış sistemi yaradacaq. Onun sözlərinə görə, dəyişikliklər beynəlxalq oyun təqviminə əlavə tarix artırmadan həyata keçiriləcək.
Yeni konsepsiya yaxın aylarda dəqiqləşdiriləcək. UEFA detallı formatın yekun təsdiq üçün sentyabrda keçiriləcək növbəti İcraiyyə Komitəsi iclasına təqdim olunacağını açıqlayıb. Növbəti iclas 2026-cı il sentyabrın 15-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək.