Argentina futbolunun məşhur simalarından Anxel Di Maria 2014-cü il dünya çempionatının finalı ərəfəsində yaşadığı hadisələrdən, yoxsulluq içində keçən uşaqlığından və peşəkar futbola gedən çətin yolundan danışıb.
MSNews.az xəbər verir ki, futbolçu həyat hekayəsini qələmə aldığı yazıda Almaniya ilə final qarşılaşmasının səhəri “Real Madrid”dən Argentina millisinin düşərgəsinə göndərilən məktubu oxumadan cırdığını bildirib.
Di Marianın xatirələrinə əsaslanan materialın orijinalı “The Players’ Tribune” tərəfindən yayımlanıb, türkcə versiyası isə “Socrates” dərgisində təqdim olunub.
Final səhəri gələn məktub
Di Maria 2014-cü il dünya çempionatının 1/4 finalında bud əzələsindən zədələnmişdi. Buna baxmayaraq, ağrıkəsici iynələr hesabına finalda oynamağa hazır olduğunu düşünürdü.
Onun sözlərinə görə, iyulun 13-də, finalın başlanmasına bir neçə saat qalmış komandanın həkimi Daniel Martinez otağa daxil olaraq “Real Madrid”dən məktub gəldiyini deyib. Məktubda zədənin ağırlaşması ehtimalına görə futbolçunun finalda meydana buraxılmaması xahiş olunurdu.
Di Maria həmin an verdiyi reaksiyanı belə xatırlayıb:
“Burada qərar verəcək yeganə adam varsa, o da mənəm”.
Futbolçu məktubu açıb oxumadan cırdığını bildirib. O, ayağının daha ciddi zədələnməsi bahasına olsa belə, finalda oynamaq və dünya kubokunu qazanmaq istədiyini yazıb.
Sabellanın qarşısında göz yaşları
Di Maria final səhəri Argentina millisinin baş məşqçisi Alexandro Sabellanın yanına gedərək əsas heyətdə oynamaq istədiyini deyib. Futbolçu bu söhbət zamanı həyəcandan göz yaşlarını saxlaya bilmədiyini bildirib.
Lakin Sabella tam formada olan Enzo Perezi ilk “11-liy”ə daxil edib. Di Maria meydana çıxmayıb, Argentina isə Mario Götzenin əlavə vaxtda vurduğu qolla Almaniyaya 0:1 hesabı ilə məğlub olub.
Argentinalı futbolçu sonralar ən çox Sabellanın onun göz yaşlarını stres və ya psixoloji zəiflik kimi qəbul etmiş ola biləcəyi ehtimalından narahat olduğunu qeyd edib.
Kömürlə qaralmış ev
Di Marianın uşaqlığı Argentinanın Rosario şəhərində kasıb ailədə keçib. Atası kömür hazırlayıb paketləyir, anası isə ailənin gündəlik ehtiyaclarını qarşılamağa çalışırdı.
Futbolçu bacıları ilə birlikdə atasına kömürün qablaşdırılmasında kömək etdiyini və buna görə evlərinin divarlarının daim qara rəngə boyandığını xatırlayıb.
Ailə yalnız kömür satmaqla kifayətlənmirdi. Atası iri qablarda yuyucu toz, sabun və xlor alaraq onları daha kiçik hissələrə bölüb satırdı. Di Maria sonradan “Benfika”ya transfer olunduqda atasından işləməyi dayandırmasını istəyib və ailəsinə ev alıb.
Həkimin tövsiyəsi ilə başlayan karyera
Uşaqlıqda həddindən artıq enerjili olan Di Marianı ailəsi həkimə aparıb. Həkim onun enerjisini düzgün istiqamətə yönəltmək üçün futbol oynamasını məsləhət görüb.
Futbolçu tez-tez ayaqqabılarını cırdığını, ailəsinin yenisini almağa imkanı olmadığı üçün anasının onları dəfələrlə tikdiyini bildirib.
Di Maria yeddi yaşında yerli komandaya qarşı bir mövsümdə 64 qol vurduqdan sonra diqqət çəkməyə başlayıb. Daha sonra “Rosario Central”ın akademiyasına dəvət olunub.
Məşq bazası ailənin evindən təxminən doqquz kilometr uzaqda yerləşirdi. Avtomobilləri olmadığı üçün anası onu köhnə sarı velosipedlə məşqlərə aparırdı. Kiçik bacısı doğulduqdan sonra atası velosipedin yanına taxtadan xüsusi platforma düzəltmişdi.
Futbolu buraxmaq istəmişdi
Di Maria “Rosario Central”ın akademiyasında fiziki cəhətdən zəif olduğu üçün məşqçilərin sərt tənqidlərinə məruz qaldığını yazıb. Belə məşqlərdən birindən sonra soyunub-geyinmə otağına qaçaraq ağlayıb və futbolu buraxmaq qərarına gəlib.
Lakin anası ona mübarizəni davam etdirməyi və özünü sübut etməyi tövsiyə edib. Di Maria ertəsi gün yenidən məşqə qayıdıb.
16 yaşında “Rosario Central”ın əsas komandasına yüksələn futbolçu bir müddət sonra seçim qarşısında qalıb: atasına işdə kömək etmək, məktəbi davam etdirmək və ya futbola daha bir il şans vermək. Onun əvəzinə qərarı anası verib:
“Bir il də futbol”.
Olimpiya finalında qəhrəmana çevrildi
Di Maria daha sonra Portuqaliyanın “Benfika” klubuna transfer olunsa da, ilk dövrlərdə əsas heyətə düşməkdə çətinlik çəkib.
Onun karyerasında dönüş nöqtəsi 2008-ci il Pekin Olimpiadası olub. Argentina finalda Nigeriyanı 1:0 hesabı ilə məğlub edib və qarşılaşmanın yeganə qolunu 57-ci dəqiqədə Di Maria vurub.
Futbolçu həmin turnirdə Lionel Messi, Serxio Aquero, Xuan Roman Rikelme və Xavyer Maskerano kimi oyunçularla birlikdə çıxış edərək Olimpiya çempionu olub.
“İnsanlar keçdiyim yolları bilmirlər”
Di Maria həyat hekayəsinin sonunda insanların yalnız meydandakı nəticələri gördüyünü, lakin həmin nöqtəyə çatmaq üçün keçdiyi ağır yolu bilmədiyini vurğulayıb.
O, atasının da vaxtilə yaxşı futbolçu olduğunu, lakin dizindən aldığı ağır zədə səbəbindən karyerasını erkən bitirdiyini bildirib. Futbolçunun babası isə dəmir yolu qəzasında hər iki ayağını itirib.
Di Maria qeyd edib ki, insanlar onu tənqid edə bilərlər, lakin kömürlə qaralmış evlərini, atasının ağır zəhmətini, anasının yağış və palçıq içində onu velosipedlə məşqə aparmasını və peşəkar futbola çatmaq üçün yaşadığı çətinlikləri görməyiblər.