“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. İspaniyalı mütəxəssis qərarını La Liqanın son turunda “Atletik Bilbao” ilə oyun öncəsi keçirilən mətbuat konfransında elan edib. Reuters-in məlumatına görə, Arbeloa “Real Madrid”dəki vəzifəsini mövsüm başa çatdıqdan sonra tərk edəcək.
Arbeloa bildirib ki, klubdan böyük minnətdarlıq hissi ilə ayrılır. O, futbolçuların onu daha yaxşı məşqçiyə çevirdiyini və hər gün bu prosesdən zövq aldığını deyib. “Managing Madrid” onun sözlərini belə təqdim edib: “Gedəcəyəm, amma ümid edirəm ki, bu, ‘əlvida’ yox, ‘tezliklə görüşərik’ olacaq”.
43 yaşlı mütəxəssis yanvar ayında Xabi Alonsonun gedişindən sonra “Real Madrid”in əsas komandasına baş məşqçi təyin olunmuşdu. Bundan əvvəl o, klubun aşağı yaş qruplarında və ehtiyat komandasında çalışıb. Arbeloa qısa müddətli dönəmində komandanı La Liqada ikinci pilləyə daşısa da, mövsüm daxili gərginlik və nəticələr baxımından çətin keçib.
Arbeloa həmçinin Xose Mourinyonun mümkün qayıdışı fonunda onun məşqçilər korpusunda qalmayacağını bildirib. Rusdilli idman mediasının “AS”-a istinadən yazdığına görə, Arbeloa “Mourinyoya köməkçi kimi qalmaq şansı yoxdur, onun öz güclü məşqçilər heyəti var” deyib.
Hazırda “Real Madrid”də yeni baş məşqçi məsələsi açıq qalır. Mourinyo Madrid klubu ilə danışıqlar fonunda gələcəyi ilə bağlı qərarını yaxın günlərdə verəcəyini bildirib, lakin rəsmi təklif almadığını da qeyd edib.