Prezident İlham Əliyev İqor Sergeyenkonu qəbul edib

Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib. Görüşdə Azərbaycan-Belarus əməkdaşlığı və parlamentlərarası əlaqələr müzakirə olunub.

41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib. Görüş Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası — WUF13 çərçivəsində baş tutub. Bu barədə Azərbaycan Prezidentinin rəsmi internet səhifəsi məlumat yayıb. 

Görüş zamanı dövlət başçısı Belarusun WUF13-də yüksəksəviyyəli nümayəndə heyəti ilə iştirak etdiyini qeyd edib. Prezident İlham Əliyev sıx dostluğa əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişafından məmnunluğunu bildirib, iki ölkə arasında bütün sahələr üzrə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Söhbətdə parlamentlərarası formatın əhəmiyyəti xüsusi qeyd olunub. Azərbaycan Prezidenti iqtisadi sahədə əməkdaşlığa toxunaraq birgə layihələrin uğurla icra edildiyini deyib.

İqor Sergeyenko qəbula görə minnətdarlığını ifadə edib və Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlət başçısı salamlara görə təşəkkür edib, onun da salamlarının Belarus Prezidentinə çatdırılmasını xahiş edib.

Belarus parlamentinin sədri Azərbaycan və Belarus liderlərinin şəxsi əlaqələrinin iki ölkənin qurumları arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, WUF13-ün açılış mərasimində iştirak etdiyini bildirərək forumda şəhərsalmanın mühüm istiqamətləri üzrə müzakirələrin aparıldığını qeyd edib və tədbirin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Görüşdə Azərbaycan-Belarus münasibətlərinin müxtəlif sahələrdə inkişaf perspektivləri, eləcə də hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.